VAXTINDA YAZILMIŞ GƏRƏKLİ KİTAB

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun rəhbərliyi ilə hazırlanmış “Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı keçirilmişdir.
Qusar Rayon İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən təşkil olunmuş təqdimat mərasimində rayon icra strukturlarının, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Mərasimi RİH başçısının müavini Zoya Eldarova açaraq tədbir iştirakçılarını salamlamış, yenicə işıq üzü görmüş toplunun gənclərin təlim-tərbiyəsində, vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağına ümidvar olduğunu bildirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Elxan Heydərov, rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev çıxış edərək “Hər şey qələbə üçün” kitabının aktuallığından və gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə mühüm töhfə olduğundan danışmış, “Biz qələbə gününü görəcəyik” giriş sözü ilə başlanan bu kitabın hər bir məktəbdə dərs vəsaiti kimi istifadəsinin vacibliyini söyləmişlər. Təqdimat mərasimində söz alan mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov, gənclər və idman idarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Sevil Dəmirova, Balaqusar kənd orta məktəbinin müəllimi Həsən Hacıyev ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bu kitab-albomun bədii məziyyətləri haqqında fikirlərini bölüşmüşlər. Müzakirələrdə yeni nəslin vətənpərvər böyüməsində ailənin, məktəbin rolunun mühümlüyündən danışılmış, bu istiqamətdə atılan addımların, “Şahin”, “Cəsurlar” kimi hərbi-idman oyunlarının da gələcək nəsildə Vətənə sevgi, sədaqət hissinin aşılanmasında böyük rolu olduğu vurğulanmışdır.

Aygün XƏLİLOVA