Diqqət:uşaqların icbari dispanserizasiyası

Bu kompaniyanın əsas məqsədi xəstəliklərin erkən aşkar edilməsi, profilaktika və kompleks müalicə tədbirlərinin aparılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2013-cü il tarixdə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalanmışdır. Bu Fərmana əsasən 10 dekabr 2013-cü il tarixdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Uşaqların icbari dispanserizasiyası tədbirləri uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla), müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi, sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi, xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi və xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsini əhatə edir. Dövlət Proqramının icrası məqsədilə səhiyyə nazirliyinin 1 oktyabr 2014-cü il tarixli əmrinə əsasən respublikanın bütün şəhər və rayonlarında bu iş aktiv şəkildə aparılır. Rayonumuzda da bu işlə əlaqdar MRX rəhbərliyi tərəfindən uşaqların icbari dispanserizasiyasının mütəşəkkil aparılması məqsədilə xüsusi komissiya yaradılmış və səyyar həkim briqadaları təşkil edilmişdir. Briqadaların tərkibində pediatr, aftolmoloq, nevropatoloq, cərrah, otolarinqoloq, stomatoloq, laborant və ginekoloq kimi həkim mütəxəssislər fəaliyyət göstərirlər. Rayon üzrə dispanser müayinəsindən 23.142 nəfər uşaq keçməlidir. Artıq həkim briqadaları rayonun ucqar dağ kəndlərində müayinələr aparmış, bəzi uşaqlarda xəstəliklər aşkar etmiş və onların dərin müayinə olunması üçün müvafiq tədbirlər görülmüşdür. Bir qrup uşağa isə yerində müayinə olunaraq lazımi təyinatlar verilmişdir. Dispanserizasiya işi ilə əlaqədar həkim briqadaları Sudurda 56, Qənərçayda 48, Quturğanda 12, Suvacalda 114, Xurayda 71, Yuxarı Ləgərdə 65, Yuxarı Tahircalda 160, Düztahirdə 380, Əniğdə 619, Quxurobada 533 nəfəri müayinədən keçirmiş, uşaqlara lazımi təyinatlar vermiş, ilkin aşkar olunmuş xəstəliklər üzrə uşaqları dispanser qeydiyyata almışlar. Sahə həkimlərinə və tibb bacılarına tövsiyə olunur ki, dispanser qeydiyyata alınmış uşaqlar sistematik müvafiq mütəxəssis həkim müayinəsindən keçsin və sistematik kurs müalicəsi alsın. Xroniki xəstəliklərlə qeydiyyatda olan uşaqlar kurs müalicələri ilə birlikdə fizioterapevtik prosedurlara cəlb olunsunlar. Dispanser qeydiyyatında olan uşaqlar həkim məsləhəti ilə sanator merort müalicəsinə göndərilirlər. Rayonda uşaqların icbari dispanserizasiya işi digər kəndlərdə də aktiv şəkildə davam etdirilir. Kompaniya ilin sonuna qədər, eləcə də fərmanda nəzərdə tutulduğu kimi növbəti ildə də aparılıcaqdır.

Dəstəbəy ZAHİROV, mərkəzi rayon xəstəxanası pediatriya şöbəsinin müdiri