Qadınlar istƏk vƏ imkanlarını müzakirƏ etdilƏr

YAP Qusar Rayon Təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə qadınların rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda partiyanın fəalları, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən qadınlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ailələrin, qadınların və uşaqların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açmışdır.  Daha sonra YAP rayon təşkilatının sədri David İbramxəlilov müasir cəmiyyətdə qadınların rolundan, həmçinin azad Azərbaycanın inkişafında qadınların fəaliyyətinin əvəzsiz olmasından bilgilər vermişdir. O, qeyd etmişdir ki, partiyanın məqsədi bu il keçiriləcək bələdiyyə seçkilərində fəallıq nümayiş etdirmək, qadın bələdiyyə üzvlərinin sayının daha da artırılmasına nail olmaqdır. YAP rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Qlıçova öz çıxışında bildirmişdir ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsində mühüm işlər görülmüşdür. O, bildirmişdir ki, bu gün rayonumuzun ictimai-siyasi və mədəni həyatında qadınlar fəal iştirak edirlər.  Qusar Bələdiyyəsinin üzvü Reyhan Hüseynəliyeva, Xürel kənd orta məktəbin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rübabə Xasmətova əvvəlki seçkilərlə müqayisədə qadınların sayı parlamentdə dörd dəfə, bələdiyyədə isə beş dəfə artdığından söz açmışlar.  Natiqlər həmçinin qadınların ailədə və uşaqların tərbiyəsində rolu, məişət zorakılığı, qadın problemləri və başqa mövzularda danışmışlar. Tədbirin sonunda konfrans iştirakçıları rayonun sənətkar qadınlarının əl işlərdən ibarət sərgiyə baxış keçirmişlər.

Mehriban FƏRƏMƏZOVA