Qayğısını, şəfqətini heç kəsdən əsirgəmir

Dörd kəndin əhalisinin sağlamlığı keşiyində duran həkim Qəhrəman Qurbanovla yeni istifadəyə verilmiş Balaqusar həkim məntəqəsində görüşüb söhbətləşdik.
Həkimlik şərəfli peşədir. Böyük məsuliyyət, dəqiqlik tələb edən bu peşənin sahibləri xeyirxah, təmkinli olmalı, xəstələrə ürəyi yanmalı, özünü itirməməli, dözümlülük göstərərək hətta ən ağır vəziyyətdə olan insana belə ümid verib onda yaşamağa inam yaratmalıdırlar. Ömrünün 30 ilini insanlara şəfa vermək kimi nəcib bir peşəyə həsr edən Qəhrəman Qurbanov da məhz bu xüsusiyyətlərinə görə hamının rəğbətini qazanmışdır. Onunla ikinci mənzili sayılan iş yerində-Balaqusar kənd həkim məntəqəsində görüşüb söhbətləşdik. İllərlə burada çalışan, dörd kəndin əhalisinin sağlamlığı keşiyində duran Qəhrəman həkim bizə ömür yolundan, fəaliyyətindən danışdı. O, 1984-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini uşaq həkimi ixtisası üzrə bitirmişdir. Praktikanı Bakıda keçən gənc həkim ilk illərdə Yasab, Avaran həkim məntəqələrində işləmişdir. Xəstələri tərəfindən sevilən, minnətdarlıq duaları ilə alqışlanan Qəhrəman Qurbanov 1996-cı ildən Balaqusar kənd həkim məntəqəsində çalışır. Deyirlər təbiblərin ən güclüsü, bacarıqlısı uşaq həkimidir. Çünki hələ dil açmayan, fikrini ifadə edə bilməyən körpənin dərdini anlamaq, onu müalicə etmək olduqca məsuliyyət və dəqiqlik tələb edir. Bunu 30 ilin həkimi olan Qəhrəman Qurbanov da bir daha təsdiqləyərək əlavə etdi: -Vaxtında aşkarlanan hər xəstəliyin müalicəsi mümkündür. Çox vaxt ağırlaşmalar onda baş verir ki, ya xəstə həkimə gec müraciət edir, ya da diaqnoz düzgün qoyulmur. Kənd həkim məntəqəsində olduğumuz zaman neçə-neçə valideynin öz körpəsini onun müayinəsinə gətirməsinin şahidi oldum. Nəinki rayonumuzda, bölgədə təcrübəli həkim kimi tanınan Qəhrəman Qurbanova eləcə də Quba, Şabran, Xaçmaz və başqa yerlərdən xəstələr müraciət edir, xəstəliklərinin şəfasını onda görürlər. Yayda Balaqusara istirahətə gələn Məmmədovlar ailəsi də Qəhrəman həkimin köməyindən yararlanıb. Səttar Məmmədov deyir: -Təxminən bir il əvvəl ayağımda ağrılar hiss edirdim. Bakıda bir çox həkim və professorun qəbulunda olmağıma baxmayaraq əlac tapmırdım. Burada Qəhrəman həkim haqqında eşitdim və ona müraciət etdim. Onun təyin etdiyi müalicələrdən sonra özümü tam gümrah hiss edirəm. Buna görə Qəhrəman həkimə dərin minnətdarlığımı bildirirəm. Bir neçə kəlmə də həkimin iş yeri-kənd həkim məntəqəsi barəsində. Qabaqlar “fin evi”ndə yerləşən məntəqə lazımi şərait olmadığından 2013-cü ilin avqustunda məhz Qəhrəman Qurbanovun təşəbbüsü ilə Kənd İnvestisiya Layihəsi çərçivəsində inşa edilmişdir. Yeni bina ambulator müalicə üçün lazım olan, müasir standartlara cavab verən 5 otaqdan ibarətdir. Otaqlar istilik sistemi, mebel və yumşaq inventarla təmin olunmuşdur. 7 işçinin fəaliyyət göstərdiyi bu şəfa ocağında dörd kənd üzrə 3893 nəfər qeydiyyatdadır ki, bunlardan 1385-i 18 yaşına qədər uşaqlardır. Qəhrəman həkim qeyd etdi ki, məntəqədə 100-ə yaxın xəstə dispanser uçotdadır. Onların müayinəsi, müalicəsi, həmçinin uşaqlar arasında peyvəndlərin vaxtlı-vaxtında aparılması üçün kollektiv əlindən gələni əsirgəmir. Baş həkim qəzetimiz vasitəsilə həmçinin, məntəqədə yaradılmış belə gözəl şəraitə görə kənd bələdiyyəsinə, MRX-nın rəhbərliyinə minnətdarlığını bildirdi. Dərdi verən Allah dərmanını da verər-deyiblər. Xəstəliklərimizin dəvası isə uca Tanrının hifzi ilə sağlamlığımızı qoruyan, hətta ölüm ayağında olduqda belə bizi yenidən həyata qaytaran həkimlərdir. Qəhrəman Qurbanov və onun kimi belə məsuliyyətli, insanpərvər həkimlərə sağlıq diləyir, şəfa verən əlləriniz daim var olsun deyirik.

Aygün