Ramazan Bayramı süfrəsi açıldı

Rayon icra hakimiyyəti iyulun 29-da “Məryəm” mərasimlər evində Ramazan Bayramı süfrəsi təşkil etmişdir.
Dindarların, imkansızların, ümumən oruc tutanların iştirak etdikləri məclis Qurani-Kərimdən ayələrin oxunması ilə başladı. Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov bütün müsəlmanları Ramazan Bayramı münasibətilə təbrik etdi, müstəqil Azərbaycana əmin-amanlıq, sülh dilədi, bu müqəddəs ayda edilən duaların Allah dərgahında qəbul olunmasını arzuladı. Azərbaycan Respublikası Milli Məclisin deputatı Azər Badamov çıxış edərək Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən millət vəkili bu tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini vurğuladı. O, məclis iştirakçılarını Ramazan Bayramı münasibətilə təbrik edərək bayram süfrəsinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirdi.