Körpə dilini bilənlər

Dünyanın ən möhtəşəm himni, musiqisi körpə qığıltısıdırsa, ən böyük əzabı dərdini, ağrısını söyləyə bilməyən balaca bəbəyin xəstələnməyi, əziyyət çəkməsidir.
Övlad sahibi olmaq, valideynliyin çətin, şirin və şərəfli yükünü çəkmək insan duyğularının ən ülvisidir. Bunu evlilikdən doqquz ay sonra ana olanlardan daha çox bu müqəddəs varlığa sahib çıxmaq üçün göz yaşları töküb gecə-gündüzünü yalvarış və dualarla keçirənlər, neçə illər keçəndən sonra arzularına çatanlar bilirlər. Qədəmləri ilə ailələrə sevinc, bərəkət, ayrılmaq ərəfəsində olanlara hətta sülh, barış gətirən balaca mələklərin dünyaya göz açması ata-ananın, qohumların təşvişini, onların sağlamlığı üçün təlaşını da artırır. Dünyanın ən möhtəşəm himni, musiqisi körpə qığıltısıdırsa, ən böyük əzabı dərdini, ağrısını söyləyə bilməyən balaca bəbəyin xəstələnməyi, əziyyət çəkməsidir.  Tibb işçilərinin peşə bayramı ərəfəsində sizə yaxından tanıtmaq istədiyimiz ağ xalatlılar Eyvaz və Səidə Tumarxanovlar uşaq həkimliyi kimi çətin, məsuliyyətli, amma olduqca xeyirxah peşənin sahibidirlər. -Hələ on-on bir yaşım olanda dünyaya yenicə gələn kiçik qardaşım bərk xəstələndi.-Eyvaz həkim xatırlayır.-Valideynlərim o vaxt aylarla rayon mərkəzində onun müalicəsi qayğısına qaldılar. Körpə qardaşımın, atamla anamın bütün əzab-əziyyətləri indi də gözümün önünə gəlir. Onda qət etdim ki, pediatr olacağam… O vaxtlar ucqar Kalunxür kimi kənd məktəbini bitirərək tibb universitetinə daxil olmaq hər oğulun işi deyildi. Zəhmətkeş, sadə bir kənd təsərrüfatı əməkçisinin oğlu Eyvaz 1989-cu ildə tələbə adını qazananda valideynləri, o vaxt sağ-salamat olan babası, nənəsi çox sevindilər. Eyvaz ömür-gün yoldaşı, ilisulu qızı Səidə xanımla universitetdə tanış olub. Bir qrupda təhsil alan, xasiyyətləri də, məsləkləri də üst-üstə düşən gənclər ailə qurduqdan sonra tərəddüd etmədən Qusara qayıtdılar. Bir müddət rayon uşaq poliklinikasının müdiri vəzifəsində çalışan Eyvaz Tumarxanovun iş yeri 2001-ci ildə rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə dəyişdirildi. Səidə xanım da  onunla bərabər bu şöbədə həkim-neonatoloq kimi çalışır. Gənc ailədə iki övlad tərbiyə olunur. On səkkiz yaşlı Nurlan valideynlərinin yolunu davam etdirmək məqsədilə tibb universitetinə daxil olub. İkinci kursa adlayacaq gənc bu təhsil ocağının ən gənc tələbəsidir. Bacısı Nurlana isə müəllim-tərcüməçi olmaq arzusundadır. Gecə-gündüz çalışır ki, ilk sınağındaca uğur qazansın. -Ana olmaq dünyanın ən gözəl hissidir.-deyir Səidə xanım,-Mən bütün qadınlara bu duyğuya sahib olmağı arzulayıram. Amma həkimə doğum şöbəsinə gələnədək müraciət etsinlər. İndi hər cür imkanlara, avadanlığa malik müasir tibb ocağımız var. Müasir dünyamızın problemləri sırasında ana və körpə ilə bağlı xəstəliklər, bətndaxili infeksiyalar və s. mövcuddur. Onlar doğuşa qədər aradan qaldırılmalıdır ki, gələcək körpəniz dünyaya sağlam gəlib valideynlərinə sevinc bəxş etsin. Eyvaz və Səidə Tumarxanovları, onların simasında bütün ağ xalatlı müqəddəs peşə sahiblərini-tibb işçilərinin peşə bayramı münasibətilə təbrik edir, şəfalı əlləriniz var olsun deyirik.                                                                                                                               Kəmalə