Həmyerlimizə yüksək fəxri ad verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir.  Yüksək ada layiq bilinənlər arasında həmyerlimiz, “Gidrotransproyekt” şirkətinin direktoru Natiq Balabəy oğlu Əliyev də vardır. Natiq Balabəy oğlu Əliyev 25 fevral 1955-ci ildə Qusar şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu körpü, tunel və metropolitenlərin tikintisi mühəndisi ixtisası üzrə bitirmişdir. 1977-1994-cü illərdə “Azəryollayihə” Layihə İnstitutunda böyük mühəndis, qrup rəhbəri, layihə baş mühəndisi vəzifələrində çalışmışdır. Azərbaycanın, demək olar, bütün rayonlarında körpülərin, yolötürücülərinin və digər yol qurğularının layihələndirilməsini həyata keçirmiş və müəllif kimi layihələrə rəhbərlik etmişdir. 1995-ci ildən müstəqil “Texnomost” layihə şirkətində baş mühəndis, 2008-ci ildən direktor vəzifəsində çalışaraq ona rəhbərlik edir.  Hazırda “Gidrotransproyekt” adlanan şirkət avtomobil yollarının, körpülərin, mülki və sənaye obyektlərinin, meliorasiya və su təsərrüfatı obyektlərinin, çay və dəniz hidrotexniki qurğularının layihələndirilməsi, müəllif nəzarəti və texniki nəzarətin aparılması, daha mürəkkəb dərəcəli yol  qurğularının tikintisi və yenidənqurulması layihələrinin idarə edilməsi, məsləhət xidmətləri və tender sənədlərinin hazırlanması ilə  məşğul olur.  Fəaliyyət fəlsəfəsi keyfiyyət, təhlükəsizlik, iqtisadi səmərə və operativlik olan “Texnomost” şirkəti həm yerli, həm də beynəlxalq aləmdə  maraqlı layihələri ilə respublikamızın, eləcə də digər ölkələrin tikinti-layihə  sektoruna öz töhfələrini verir. Təsadüfi deyildir ki, əldə edilmiş müvəffəqiyyətlərə görə şirkət 2006-cı ildə ölkənin nəqliyyat infrastrukturunun inkişafına görə “Uğur” Milli Mükafatına layiq görülmüş, MDB dövlətləri arasında tikinti fəaliyyəti sahəsində 2006-2007-2008-ci illərdə qazandığı böyük uğurlara görə Moskvada “Ən yaxşı tikinti və layihə təşkilatı” adı uğrunda II, III və IV Beynəlxalq  müsabiqələrin qalibi diplomlarını, müəssisənin direktoru Natiq Əliyev 2009-cu ildə tikinti kompleksinin ən yaxşı rəhbəri sertifikatını almışdır. 2009-cu ildə şirkət “İlin layihə şirkəti” nominasiyası üzrə “Business Consultinq” jurnalının təsis etdiyi biznes  sahəsində “İlin şirkəti” Milli mükafatına layiq görülmüşdür. Natiq Əliyev doğma Qusar rayonunda da bir sıra körpü layihələrinin-Qusarçay, Ukurçay, Nəcəfkəndçay, Quruçay üzərində körpülərin, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayı üzərində böyük körpünün layihələrinin müəllifidir.  Natiq müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.              “QUSAR”