Zəhmətkeş alim, səmimi insan

Daha bir alim həmyerlimiz 60 illiyini qeyd edərək müdriklik zirvəsinə ucaldı. O, alimlərimizin, ziyalılarımızın tanıdılmasında həmişə öncül olub. Görünür, indi özünü-Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru, respublika yazıçılar və jurnalistlər birliklərinin, “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin üzvü Bəybala Aydabala oğlu Ələsgərovu “Qusar”ın oxucularına təqdim etməyin vaxtı çatıb. O, 1954-cü il mayın 9-da  Köhnə Xudat Qazmaları kəndində dünyaya göz açmışdır. Qusar şəhər 1 saylı orta məktəbini bitirib “Paris kommunası” gəmi təmiri zavodunda əmək fəaliyyətinə başlamışdır. Burada fəhləlikdən növbə rəisi vəzifəsinədək yüksəlmiş, zavodun partiya təşkilatına, müxbir postuna, təbiəti mühafizə cəmiyyətinə rəhbərlik etmişdir.  Həyatda əsas arzularından birini reallaşdıran gənc Bəybala Azərbaycan Dövlət Universitetinə daxil olur. 1982-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirərək respublika mədəniyyət nazirliyinin sərəncamına əsasən M.F.Axundov adına Dövlət Milli Kitabxanasına işə göndərilir. Burada metodist, redaktor, böyük redaktor, elmi-tədqiqat şöbəsində baş aparıcı mütəxəssis və elmi-metodik şöbədə bölmə müdiri vəzifələrində çalışan gənc alim elmi-tədqiqat işlərinə xüsusi dəqqət ayırır. Bəybala müəllim 1988-1992-ci illərdə Moskva Dövlət Mədəniyyət İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və görkəmli alim V.V.Tarakanovun rəhbərliyi ilə 1993-cü ildə informatika sahəsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Bəybala Ələsgərov keçmiş  ittifaq dövlətində ilkinlərdən biri olaraq kitabxana-klub sisteminin nəzəri əsaslarını, daha doğrusu metodikasının işlənməsi və əsaslandırılmasında aktiv iştirak etmiş və bu istiqamətdə ittifaq jurnallarında sanballı elmi  məqalələr nəşr etdirmişdir.  Onun respublikamızda və xarici ölkələrdə 250-dən çox məqaləsi çap olunmuşdur. O, həmçinin, 15-dən çox elmi-metodiki vəsaitin (“Şəmsi Bədəlbəyli-90”, “Paşa Qəlbinur-50”, “Boyalarda yaşayan ömür”, “Nizami Cəfərov-50”, “Sədaqət Kərimova-50”, “Elçin-60”, “Müdriklik zirvəsinə gedən yol”), o cümlədən irihəcmli (“Elçin”, “Hidayət”, “Zahid Xəlil”, “Sədaqət Kərimovanın həyat və yaradıcılığı”, “Görkəmli din xadimi, sülhməramlı elçi”) biblioqrafik vəsaitlərin müəllifidir.  Onun qələmindən “Zəngəzurda doğuldum”, “31 mart azərbaycanlıların soyqırımı günüdür”, “Zamanın sınaqlarından ömrə açılan yol”, “Qusarın şanlı övladları” adlı monoqrafiyalar da çıxmışdır. Bəybala müəllim həmin kitabları beynəlxalq standartlara uyğun qələmə almış, ABŞ, İngiltərə, Almaniya, Türkiyə və MDB ölkələrinin təcrübəsinə əsaslanmışdır. 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinə üzv, 1996-cı ildən həqiqi üzv seçilmiş ilk Azərbaycan vətəndaşı olan Bəybala Ələsgərov bu qurumda respublikamızı layiqincə təmsil edir.  Qeyd etməyi vacib hesab edirəm ki, ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra dünyada  beşinci dövlət olaraq Nobel informasiya mərkəzinin respublikamızda təşkil olunmasında Bəybala Ələsgərovun xüsusi rolu olmuşdur və o, uzun illərdir ki, bu mərkəzə bacarıqla rəhbərlik edir.  Bəybala müəllimin bu sahədəki fəaliyyəti Beynəlxalq Nobel İnformasiya Mərkəzində yüksək qiymətləndirilmiş və o, 1996-cı ildə xüsusi medalla təltif edilmişdir.  Həmyerlimiz eyni zamanda 2005-ci ildən Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsidir.  2013-cü ildə isə o, Nobelin yubiley konfransının təşkilat komitəsinə üzv seçilmiş, burada elmi məruzə ilə çıxış etmişdir. Onun işgüzarlığı qiymətləndirilərək Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilmişdir. Bəybala Ələsgərov həmişə axtarışda olan alim, yorulmadan çalışan ziyalıdır. Uzun illərin yaradıcılıq axtarışlarının nəticəsi olaraq o, 2013-cü ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.  Respublika yazıçılar və jurnalistlər birliklərinin üzvü olmaqla bərabər o,  “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin üzvü, Respublika Ağsaqqallar Şurasının üzvü kimi ictimai vəzifələrdə də çalışır. Bəybala müəllim çox sadə, həm də xoşbəxt ailə sahibidir. O, yaxşı dost, ünsiyyətcil insan, sözün həqiqi mənasında şənlənməyi və şənləndirməyi bacaran məclis adamıdır. Görünür, doğma Qusarın saf havasının və suyunun, buradakı insanların onun xarakterinin formalaşmasında müsbət rolu olmuşdur.  Respublikamız üçün çox gərəkli olan bir elm sahəsində çalışan Bəybala müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.                                        

  Kamal ABDULLAYEV, əməkdar elm xadimi, texnika   elmləri doktoru, professor