Bu qəmi Qələbə unutdura bilər

 Rayonumuzda Xocalı soyqırımının 22 illiyinə həsr olunmuş anım mərasimləri, müxtəlif tədbirlər keçirilmişdir.

Tədbiri açan RİH-nin başçısı Şair Alxasov Xocalı faciəsinin xalqımızın çağdaş tarixində misli görünməmiş müsibət olduğunu vurğulamışdır. Onun təklifi ilə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.     

Xocalı faciəsinin başvermə səbəbləri, nəticələri və dərsləri barədə danışan rayon rəhbəri qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub.

İşğal nəticəsində 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 1000-dən çox dinc sakin əlil olub. Hadisələr zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qusar rayon prokuroru, baş ədliyyə müşaviri, Qarabağ müharibəsinin veteranı Zahid Vəliyev çıxışında ölkəmizdə Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, bu qətliamın günahkarlarının axtarılmısı istiqamətində görülən tədbirlər barədə məlumat vermişdir.

Mərasim iştirakçılarının diqqətinə çəkildi ki, 1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir.

Qarabağın azad edilməsi istiqamətində titanik siyasi iş aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının son bəyanatlarını xatırladan rayon prokuroru zəfər gününün uzaqda olmadığını bildirdi.

“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyə öz çıxışını ulu öndər Heydər Əliyevin sözləri ilə başlayan əmək veteranı Mirzəhməd Ələsgərov bu faciədən 22 il keçsə də, hələ də beynəlxalq rəsmi təşkilatların erməni cinayətkarlarını məhkum etmədiyini və Xocalı soyqırımını rəsmən tanımadığını, ən dəətlisi isə Azərbaycan torpaqlarının 20 faizindən çoxunun hələ də düşmən tapdağında qaldığını qeyd etdi, Dağlıq Qarabağın xilası üçün hamının səfərbər olmasının vacibliyini xüsusilə vurğuladı.

Mərasimdə çıxış edən tələbə Günay Mürşüdova ermənilərin 1905-ci ildən başlayaraq bu günə qədər əllərinə düşən hər bir fürsətdə Azərbaycan xalqına qarşı amansız vəhşilikləri davam etdirdiklərini, Xocalı soyqırımının isə bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu xatırlatdı.

Mərasimi yekunlaşdıran RİH-nin başçısı Şair Alxasov öldürülən uşaqların, qadınların, qocaların qanının heç vaxt yerdə qalmayacağını vurğuladı:-“Xocalı soyqırımı və onun ardınca minlərlə insanın qətli, minlərlə soydaşımızın əsir düşməsi, el-obasını itirib qaçqın düşmüş yüz minlərlə insanın ağrı və acısını yalnız torpaqlarımızın düşmən işğalından azad olunması unutdura bilər. Bunun üçün mətinlik göstərməli, birliyimizi möhkəmləndirməli, iqtisadiyyatımızı və ordumuzu daha da gücləndirməliyik.”

  

Fevralın 25-də mərkəzi kitabxanada Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Xalqımızın silinməz qan yaddaşı olan bu soyqırıma həsr edilmiş anım mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Mərasimdə kitabxananın uşaq ədəbiyyatı şöbəsinin müdiri Südabə Novruzova çıxış edərək iştirakçılara bu soyqırım ilə bağlı ətraflı məlumatlar vermişdir. O bildirmişdir ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının qurbanları daim yad edilməli və onların xatirəsi hər zaman əziz tutmalıdır.

Sonra şəhər 2 saylı tam orta məktəbi şagirdlərinin ifasında faciə ilə bağlı kompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə həmçinin Çiləgir və Bədirqala kənd kitabxanalarının fəal oxucuları tərəfindən müxtəlif şeirlər söylənilmiş, soyqırımla əlaqədar video materiallar nümayiş etdirilmiş, statistik məlumatlar səsləndirilmişdir.

Günel TAHİROVA

Xocalı soyqırımının qurbanları Qusar Dövlət Rəsm Qalereyasında da anılmışdır. Tədbirə şəhər 2, 4, 5 saylı orta məktəblərin müəllim və şagird kollektivləri də qatılmışdır.

Anım mərasimində rayon mədəniyyət və turizm şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək həmin gecə günahsız qocaların, qadınların, körpələrin dözülməz işgəncələrə, zülmlərə məruz qalmalarından, cəsədlərin inanılmaz şəkildə təhqir edildiyindən böyük kədər hissi söz açmışdır. Natiq bu vəhşiliyi törədən erməni daşnaklarının tezliklə öz cəzalarına çatacaqlarını və günahsız xocalıların qanının yerdə qalmayacağını da inamla qeyd etmişdir.

Daha sonra şagirdlər tərəfindən Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeirlər səsləndirilmişdir.

 

Mərasimin sonunda məktəblilərin bu faciəyə həsr etdikləri “Xocalı şagirdlərin gözü ilə” adı altında təşkil olunan 100-ə yaxın rəsm əsərindən ibarət sərgiyə baxış keçirilmişdir.