ŞƏFALI ƏLLƏR

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən bəri respublika əhalisinin ümumi profilaktik müayinəsi keçirilir.

Rayonumuzda bu humanitar aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, komissiya və işçi qrupu yaradılmışdır.

Rayon üzrə 92 min nəfər müayinədən keçiriləcəkdir ki, tibb əssisəsində bunun üçün müvafiq hazırlıq işləri görülmüşdür.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalov kampaniyanın əhəmiyyətindən və gedişatından danışaraq demişdir:

Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Qarşımızda duran əsas vəzifə əhalini tibbi aksiya barədə məlumatlandırmaq, maarifləndirmə tədbirləri aparmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Söz yox ki, bütün ölkəni əhatə edən bu aksiya bir çox xəstəliklərin vaxtında aşkar edilməsində və müalicəsində əvəzsiz rol oynayacaqdır. Müayinədən keçən sakinlərdə hər hansı xəstəlik aşkar edilərkən həkimlərimiz xəstələri nəzarətə götürür və müalicə üçün lazımi məsləhətlər verirlər.

Müayinələrin əksəriyyəti müasir tibbi avadanlıqlarla təchiz edilən mərkəzi rayon xəstəxanasının  poliklinika  şöbəsində aparılır. Müxtəlif ixtisaslı peşəkar həkimlər ultrasəs müayinəsi, exokardioqrafiya, rentgen və digər müayinələr həyata keçirirlər.

Bundan əlavə, rayon ərazisindəki tibb əssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəkdir.

Baş həkimin verdiyi məlumata görə 9 min nəfərədək rayon sakini tibbi müayinədən keçmişdir. Müayinə zamanı cərrahiyyə əməliyyatına, ciddi müalicəyə ehtiyacı olan xəstələr nəzarətə götürülmüş və onların sağlamlıqlarının bərpası üçün hazırlıq işlərinə başlanılmışdır.

Qəzetimizin əməkdaşları tibb əssisəsində müayinədən keçməklə yanaşı redaksiyanın tapşırığını da yerinə yetirmiş, əhalinin bu vacib aksiyada iştirakını müşahidə etmişlər. Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Gününün gəldiyini nəzərə alaraq, insanlara şəfqət əlini uzadan qadın həkimlərimizi fotobyektivə köçürdük.

 Fotolar Ravilindir.