CƏRRAHLARIN MAHİRİ onun əməyi nazirlik tərəfindən yüksək qiymətləndirildi

 Həkim Mahir Bədəlovu yaxından tanımayan, ömründə heç olmazsa bircə dəfə özününün, ya da qohumlarından birinin sağlamlıq durumu ilə bağlı onun qəbuluna düşməyən qusarlı (hələ qubalı, xaçmazlı demirik) çətin tapılar. Öz peşəsininin mahir ustası olmaqla bərabər o, səmimi insan, tələbkar hami, etibarlı dost, fəal vətəndaşdır.

1952-ci ildə rayonumuzun Yuxarı Tahircal kəndində dünyaya göz açan Mahir orta məktəbi uğurla başa vuraraq həkim olub insanların sağlamlığı keşiyində durmaq arzusu ilə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu.

İnstitutun ümumi cərrahiyyə profile üzrə subordinatura, internatura kurslarını bitirdikdən sonra, gənc mütəxəssis kimi təyinatla Xaçmaz rayonuna göndərilən doktor Mahir Bədəlov bir müddət bu rayonun mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində cərrah kimi çalışmışdır.

Ailə vəziyyəti ilə əlaqədar iş yerini doğma rayona dəyişən həkim bir müddət Qusar MRX-nın poliklinikasında cərrah kimi fəaliyyət göstərmiş, bacarığı, işə can yandırmağı və xəstələrə hədsiz qayğısı nəzərə alınaraq 1997-ci ildə cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

Yeni təyinat onun ictimai fəallığını daha da yüksəltdi, 1998-ci ildə ölkənin aparıcı siyasi qurumu olan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu.

Bu yaxınlarda paytaxtdan alınan şad xəbər Mahir doktorla bərabər uzun illər ərzində onunla çiyin-çiyinə çalışan tibb işçilərini də hədsiz sevindirdi. Rayon əhalisinə ixtisaslı təcili və planlı cərrahi yardımın təşkili, əməliyyatlardan sonrakı fəsadlaşmaların və ölümün faizinin minimuma endirilməsi, şöbədə sanitar, eks-epidemik tədbirlərin sistematik olaraq aparılması, gənc həkimlərin praktiki vərdişlərini inkişaf etdirmək məqsədilə birgə əməliyyatlarda iştirakının təmin edilməsi və əhali arasında cərrahi profilli tibbi maarifləndirmə işinin aparılması sahəsində həmyerlimizin yorulmaz fəaliyy

əti respublika səhiyyə nazirliyi tərəfindən dəyərləndirildi və ona şəxsən səhiyyə naziri Oktay Şirəliyev tərəfindən nazirliyin fəxri fərmanı və hədiyyəsi təqdim olundu.

Təbrik edirik, Mahir doktor! Sizə həyatda yeni-yeni uğurlar, fəaliyyətində müvəffəqiyyətlər arzu edirik. Qoy həyatınız daim nurlu və uğurlu olsun.

                                                          “Qusar”