Prezident İlham Əliyev:Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd etməyimiz tarixi hadisədir!

 

Bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı   İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bildirib.

Sonra dövlət başçısı xalqa müraciət edib:

– Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!

Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

Noyabrın 8-də Azərbaycan xalqına Şuşanın azad olunması müjdəsini verərkən “Şuşa, sən azadsan!” dediyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün azad Şuşada biz öz milli bayramımızı-Novruz bayramını qeyd edirik. “Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”, – deyə Prezident bildirib.

Dövlət başçısı azad edilmiş torpaqlarısızın erməni vəhşiliyinin şahidi olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb:

-Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.

Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o “xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər?

Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.

Ölkə rəhbəri Şuşanın bərpası üçün bütün imkanların səfərbər olunacağını sgyləyib:

-Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.