Uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Dövlətimizin başçısı 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırıb.

Mətbuat konfransının məhz Xocalı faciəsinin Anım günündə keçirilməsi xüsusi məna daşıyırdı. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha soyqırım faktına yönəltməklə bildirdi ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır.

Konfransda Azərbaycan-Türkiyə münasibətlərinə, Türkiyənin bölgədəki fəaliyyətinə mühüm yer ayrılıb.

Dövlətimizin başçısı türkiyəli jurnalistin suallarını cavablandıraraq bildirib ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə olduqca müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilməsi, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da əhəmiyyətli addım sayılmalıdır.

10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat dəhlizinin açılması barədə olub. Regionun gələcək inkişafı və inteqrasiya layihələrinin icrası üçün unikal kommunikasiya imkanları yaradan bu dəhlizin işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq. Regional əməkdaşlıq layihələrinə qoşulmaqla bağlı müsbət yanaşma nümayiş etdirərsə, o zaman Ermənistan da regional proseslərin iştirakçısına çevrilə bilər. Bu gün Ermənistan bütün resurs imkanlarından məhrum olmuş və küncə sıxılmış vəziyyətdədir. Bu dövlətin özünü bərpa etməsi yolu Azərbaycan və Türkiyə ilə qarşılıqlı əməkdaşlıqdan keçir.

Qarabağın bərpa-yenidənqurma işlərində Türk şirkətləri yaxından iştirak edəcəklər. Bununla bağlı mətbuat konfransında geniş söz açan Prezident bildirib ki, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə uzanan yolun çəkilişinə də türk şirkətləri cəlb ediliblər. Türkiyə şirkətləri indiyəcən Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan müxtəlif inşaat layihələrində iştirak ediblər. Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənəcək. İndi bütün dünya müharibə dövründə Türkiyə müdafiə sənayesinin keyfiyyətindən və Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycanda məharətlə istifadə edilməsindən danışır.

Təsadüfi deyil ki, bu da Azərbaycanın Vətən müharibəsində böyük üstünlüyünü təmin edib. Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərimiz daha çox keçiriləcək: – Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir.Keçən il pandemiyaya görə az keçirildi. Builki Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq. Biz Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik.

Hər zaman Azərbaycanın yanında olan Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlamaqla qardaşlıq nümunəsi göstərdi və bu mətbuat konfransında xüsusi qeyd olunub. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmayacaq və bunu Türkiyə özü müəyyən edəcək. Zəngəzur dəhlizinin işə düşməsireallaşdırılarsa, bu təqdirdə Türkiyə-Ermənistan sərhədi də açılacaq.

Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. İlk kontraktlar Türkiyə şirkətləri ilə imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.

Azərbaycan Prezidenti yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət yanaşıldığını sönləyib:-Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.

Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, regionun davamlı sabitliyi üçün bütün ölkələr arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı əməkdaşlığın qurulması zəruridir.