Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq

Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” in təsdiq edilməsi haqqında sərəncamı qarşıdakı dövrdə ölkənin əsas sosial-iqtisadi inkişaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməyi tələb edir.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet reallaşdırılacaq:

– dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

-təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan verir.

Bu hədəflərə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulub. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlərə əsas yer ayrılıb.

Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulmuşdur.

Şübhəsiz, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə böyük  qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var. Çünki 30 ildə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək.

Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsinin işğala qədərki səviyyəyə çatdırmaqdan ibarətdir. Buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə bundan ibarətdir ki, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir.

Milli prioritetlərdə olan sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulur. Müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Pensiya islahatları həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq.

Sənəddə mühüm əhəmiyyətli müddəalardan biri iqtisadi islahatların vətəndaşların sosial rifahını təmin etməli, həmçinin inkişafdan hər bir vətəndaşın bəhrələnməli olduğunun öz əksini tapmasıdır. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Qarşıdakı on ildə Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.  Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır:

-XXI əsrin tələblərinə uyğun təhsilin qurulması;

-yaradıcı və innovativ cəmiyyətin formalaşması;

-vətəndaşların sağlam həyat tərzinin formalaşması.

Dünyamız üçün çox aktual olan ətraf mühitin qorunması da mühüm rioritetlərdən sayılır. Ətraf mühit və “yaşıl artım” ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətlibərpasıvəartırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması.

Milli Prioritetlərdə regionların tarazlı inkişafına da diqqət ayrılır. Çünki bu, son nəticədə dövlətin ümumi sürətli inkişafına xidmət edir.  Məhz buna görə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmağın önəmli vəzifə olduğu qeyd edilir. Növbəti onillikdə regionlarda yaradılmış bütün iqtisadi və sosial infrastrukturun imkanları iqtisadi aktivliyin daha da artırılmasına, mövcud iş qüvvəsinin və resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalı, regionların milli gəlirdə payının artırılması təmin edilməlidir.

Növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımızın dediyi kimi: “Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir”.