Rayon icra hakimiyyətində yeni kadr təyinatları

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun müvafiq əmrləri ilə Allahverdiyev Turab Yagir oğlu şöbə müdiri, Hüseynov Tural Cabir oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

Allahverdiyev Turab Yagir oğlu 8 noyabr 1979-cu ildə Qusar rayonunun Həsənqala kəndində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyini, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində müvafiq kursu bitirib. Silahlı Qüvvələrin müxtəlif hissələrində taqım, bölük komandiri, taborun qərargah rəisi vəzifələrində xidmət edib.

Nümunəvi xidmətə görə dəfələrlə təltif olunub.

Ailəlidir, iki övlad atasıdır.

 

Hüseynov Tural Cabir oğlu 1 aprel 1986-cı ildə Qusar rayonunun Çiləgir kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisası, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit hazırldığı kursunu bitirib. O, Müdafiə Nazirliyinin “N” saylı hissəsində taqım komandiri vəzifəsində xidmət edib.

Nümunəvi xidmətə görə dəfələrlə təltif olunub.

Ailəlidir, iki övlad atasıdır.