Aman ayrılıq, yaman ayrılıq

Yaşasaydı, biz-doğmaları, dostları,  müəllimləri, sinif yoldaşları bu ay onun 61 yaşını qeyd edəcəkdik. Amma qəfil ölüm Çingizi bizdən ayırdı.

Çingiz Ramiz oğlu Abdullayev 1960-cı il fevralın 23-də Köhnə Xudat kəndində müəllim ailəsində dünyaya göz açıb. 1977-ci ildə Qusar şəhər 3 saylı orta məktəbini  əla qiymətlərlə bitirən yeniyetmə Rusiyanın Stavropol Dövlət Tibb İnstitutuna daxil olmuş, 1984-cü ildə institutun cərrahiyyə fakültəsini uğurla bitirmişdir. O, həmin il təyinatla göndərildiyi Perm vilayətinin Solikamsk şəhərində daxili işlər nazirliyinin hospitalında əmək fəaliyyətinə başlamışdır. Dörd il burada təcrübəli tibb mütəxəssisləri ilə birgə çalışmağı onun mükəmməl bir cərrah kimi yetişməsinə imkan vermişdir. Bu təcrübə 1988-ci ildə Azərbaycana dönən cərrah həmyerlimizin karına gəlmişdir. O, Bakı şəhərindəki DİN hospitalında çalışmaqla Vətənin ağır günlərində həm həkimlik vəzifəsini, eləcə də vətəndaşlıq borcunu layiqincə yerinə yetirmişdir. Müharibə şəraitində olan Azərbaycanın çətin günlərində dəfələrlə Goranboy, Tərtər və başqa cəbhə bölgələrində olmuş, neçə-neçə əsgərmizin həyatını xilas etmiş, ailələrinə sevinc, ümid bəxş etmişdir.

Çingiz həkim 1990-cı ildən fəaliyyətini Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında damar cərrahiyyəsi şöbəsinin rəisi olaraq davam etdirmişdir. Hospitalda çalışdığı müddətdə polkovnik-leytenant rütbəsinə yüksələn istedadlı cərrah Çingiz Abdullayev savadlı, bacarıqlı bir həkim, yaxşı insan kimi hörmət qazınmışdır. O, yüzlərlə insanın dərdinə çarə qılmış, şəfa vermiş, bir sıra hallarda yenidən həyata qaytarmışdır.

Çingiz Abdullayev təqaüdə çıxdıqdan sonra da peşəsinə sadiq qalaraq, şəfalı əlləri ilə insanların sağlamlığı keşiyində durmaqda davam etmişdir. Onu tez-tez ölkənin müxtəlif tibb müəssisələrinə məsləhətə, çətin əməliyyatları aparmağa dəvət edirdilər.  “Səhhət”, “Funda”, “OKİ”  özəl klinikalarında şərəfli peşəsi ilə yüzlərlə insanı sağlamlığına qovuşduran cərrah Çingiz Abdullayev gözəl ailə başçısı, qayğıkeş ata idi. Nə yaxşı ki, övladlarını evləndirib baba olmaq səadətini dadmağa macal tapmışdı.

Çingiz həkimin həyat yoldaşına, övladlarına, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Səmimi insan, bacarıqlı həkim olan sevimli şagirdimizin, sinif yoldaşımızın əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Yevgeni və Valentina Şubinlər, Qusar şəhər 3 saylı məktəbin 1977-ci ilin məzunu olan 10 “a” sinfinin şagirdləri