Su kimi şəffaf bir ömür

Hər bir insan özünəməxsus xarakteri, dünyayabaxışı, həyat yolunda bir-birini əvəzləyən addımlarından qalan izləri ilə təkraredilməzdir.

Rayonumuzun əmək, hünər salnaməsində özünəməxsus ənənələri, çoxsaylı uğurları  olan kollektivimizdə də əməlləri gənc nəslə örnək sayılası, sözün həqiqi mənasında ağır oturub batman gələn ağsaqqallar olub, var və onların məsləhətləri, tövsiyələri həmişə eşidilib.

Bu günlərdə 70 illik yubileyini  məlum səbələr üzündən təntənəli mərasim keçirməklə deyil, öz xasiyyətinə uyğun-sadə tərzdə təbrik etdiyimiz Fərzəli Əli oğlu Mikayılov da belə insanlardan biridir.

Ulu Tanrı insan üçün nəyi məsləhət bilibsə, o da onun tale qismətidir. Yubilyarımızın qismət payı bir çox cəhətdən həm cəlbedici, həm qibtəedicidir. Dağların ətəklərinə sığınmış ucqar Sudurda dünyaya göz açan Fərzəli Əli oğlu 1968-ci ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra yaşıdlarnın bəziləri kimi “haraya?” sualı qarşısında qalmadı. O, hələ illər qabaq rayona daha çox faydalı və səmərəli, insanlara, onların sağlamlığına böyük təsir gücü olan bir peşə ilə məşğul olmağa qərar vermişdi. Yeniyetmənin düşüncəsinə görə isə bu peşə… melioratorluq idi. Axı su həyat, bolluq, bərəkət, aydınlıq, firavanlıq rəmzidir. Məhz melioratorların əməyi nəticəsində sapsarı taxıl zəmiləri, meyvə bağları,  yamyaşıl biçənəklər hasilə gəlib yetişir, sonda bara, bərəkətə, süfrələrimizdə ruziyə çevrilir.

1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini hidrotexnik-mühəndis ixtisası üzrə bitirən gənc mütəxəssisin təyinatı o dövrün ənənəsinə görə kənar-Dağıstanın Qızılyurd rayonuna verilir.

İki il buradakı təsərrüfatlardan birində baş mühəndis vəzifəsində çalışan Fərzəli Mikayılov 1976-cı ildə respublikamıza dönərək Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda elmi işçi işləyir.

1977-ci ildə yubilyarımızın əmək kitabçasının Qusar səhifəsinin ilk sətirləri yazılır. Həmin il o, Quba-Qusar Suvarma Sistemləri İdarəsində mühəndis-meliorator vəzifəsinə təyinat alır. Sonralar böyük mühəndis-meliorator, baş mühəndis vəzifələrində çalışan Fərzəli Mikayılova 1983- ildə Qusar Suvarma Sistemləri İdarəsinində Cağar-Cibir kanalının sahə rəisliyi etibar olunur. Əmək fəaliyyətini isə 1999-2000-ci illər ərzində çalışdığı Qusar Suvarma Sistemləri İdarəsinin baş mühəndisi vəzifəsində bitirir.

İllər, vəzifələr dəyişilsə də, dəyişilməyən onun bir mütəxəssis kimi işə peşəkar, yaradıcı münasibəti, suvarma kanallarının, hidrotexniki qurğuların, nasos stansiyalarının saz və işlək vəziyyətdə saxlanılmasını, onların istismara hazırlanmasının təşkili üçün sidq-ürəkdən çalışması, bütün kollektivlərdə qazandığı hörmət və etibar, çoxsaylı təltiflər, mükafatlar oldu.

Bu ilin yanvar ayında kollektivimiz mehriban ailə başçısı, üç övlad atası, çoxlu nəvənin sevimli babası olan ağsaqqal meliorator Fərzəli kişini təntənə ilə təqaüdə, layiq olduğu istirahətə yola saldı. Onun, kollektivin digər ağsaqqal üzvlərinin səyləri nəticəsində rayonun melioratorlar ailəsində yaranmış qarşılıqlı dostluq, səmimiyyət, anlaşma mühitinin nəticəsidir ki, bir çoxumuz bu ayrılıq anlarında həm sevinc, həm məyusluq hissləri keçirdik. Zarafat deyil: insan ömrünün yarım əsrini su təsərrüfatı və meliorasiya kimi vacib və olduqca gərəkli sahənin inkişafına, kənd təsərrüfatının çiçəklənməsinə, ərzaq bolluğu yaradılmasına həsr edib, indi sevimli iş yerindən, isinişdiyi, illər boyu yönləndirdiyi kollektivdən…ayrılır.

Amma bizcə, bu ayrılıq şərtidir. Kollektivimiz, onun hər bir üzvü ağsaqqal məsləhətinə, təcrübəli mütəxəssis tövsiyəsinə həmişə ehtiyac duyub.

İllərdən bəri çalışdığınız idarənin, iş otğınızın qapılırı, hər birimizin ürəyi qarşınızda açıqdır, Fərzəli kişi. Bizi tez-tez yada salın, gəlin, tədbirlərimizə qatılın, məsləhət və təkliflərinizi, olacağı təqdirdə hətta iradlarınızı belə bizdən əsirgəməyin!

Sizi bir daha təbrik edərək deyirik: 70 illik yubileyiniz mübarək! Sizə uzun ömür, cansağlığı arzulayırıq!

Qusar Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi