Vətən Müharibəsi Qəhrəmanı

Renat Şıxnəbiyev: “Hər bir döyüşçümüz qəhrəmandır”

Vətən Müharibəsi Qəhrəmanının qısa tərcümeyi-halı ilə tanış olaq:

Renat Şıxnəbiyev 1990-cı il dekabrın 31-də Balaqusar kəndində anadan olub. 2008 ci ildə  kənd tam orta məktəbinin 11-ci sinifini bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012 çi ildə həmin məktəbi kəşfiyyatçı ixtisası üzrə bitirib və leytinant rütbəsini alıb. 2012-2013-cü illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Xüsusi Təyinatlı ixtisası üzrə təhsil alıb. 2013-cü ildən etibarən  Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə xidməte başlayıb.  Xidmətdə olduğu müddətdə Silahlı Qüvvələrin 95 illiyi və 100 illiyi yubiley medalları,10 il qüsursuz xidmətə görə medalı ilə təltif olunub.

2018-ci ildə Günnüt əməliyyatlarında göstərdiyi yüksək şucaətliklərə görə “İgidliyə görə” medalına layiq görülmüşdür.

2020 çi ildə Vətən muharibəsində Fizuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə fəal iştirak edən kapitan hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik numayis etdirdiyinə görə ölkə başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüş, həmçinin “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

 

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”  adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. Bu ad Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

Artıq “Qusar”ın ötən sayında xəbər verdiyimiz kimi belə yüksək fəxri ada layiq görülənlərdən biri də həmyerlimiz Renat Güləmməd oğlu Şıxnəbiyevdir.

Hazırda Naxçıvanda hərbi qulluğunu davam etdirən qəhrəmanla ancaq vatsapla əlaqə saxlaya bildik.

-Renat, səni ürəkdən təbrik edirik. İlk sualımız ənənəvi olacaq: bu peşəni seçməyinizin tarixçəsini öyrənmək istəyirik. Uşaqlıq arzusu, “dava-dava” oyunlarının təsiri idi, yoxsa düşünülmüş, real nəticəyə hesablanmış-ölkənin ərazi bütövlüyünün bərpa edilməsi amalından doğan arzu?

-Təbrik üçün sağ olun. Hərbçi olmağımın səbəblərinə gələndə, açığı, sadaladığınız səbəblərin heç biri. Qəribə görünsə də, ali hərbi məktəbə daxil olmaqla böyük qardaşım Elnurun yetə bilmədiyi arzusunu gerçəkləşdirməyi qərara aldım. Elnur məndən altı yaş böyükdür. Onun vaxtında hərbi məktəbə qəbul olunmaq çox çətin idi və  cəhdləri də bir nəticə vermədi. Bu, məni çox məyus etdi. Dərslərimə diqqəti artırdım, ciddi-cəhdlə imtahanlara hazırlaşmağa başladım. Fiziki hərəkətlərə, idmana xeyli vaxt ayırdım, məktəb komandasının tərkibində, demək olar, bütün hərbi oyunlara qatıldım. Birinci ildə qəbul olundum. Məni ilk təbrik edən də qardaşım oldu.

2008-ci ildən bu yana məşhur mahnıda deyildiyi kimi hər zaman “özümün və o oğlanın əvəzinə” xidmət etməyə çalışdım. “O oğlan”-yəni Elnur!

Amma oxuduqca, öyrəndiksə, bu sənətin çətinliyini, şərəfliliyini, məsuliyyətini hiss etməyə başladım. Məşhur bayatıda deyildiyi kimi:

“ Əzizim Ordubada,

Yol gedir Ordubada,

Sərkərdə qoçaq olsa,

 Heç verməz ordu bada…”

Yeri gəlmişkən, bizim sərkərdəmiz qoçaq, tədbirli, cəsarətlidir ki, Ordusu da rəşadətli, qüdrətli oldu, dünya təşkilatlarının 30 il həyata keçirə bilmədiyini 44 gündə həll etdik.

-Nə vaxtsa, qəhrəman adına layiq görüləcəyinizi düşünürdünüzmü, bu xəbəri eşidəndə sevindinizmi?

-General omağı arzulamışam, arzulayıram da. Məşhur məsəl var: “General olmaq istəməyən əsgər, yaxşı əsgər deyil.”

Amma qəhrəman olacağımı düşünməzdim. Mənim düşüncəmcə, Qələbə əsgərlərinin hər biri-şəhidi, qazisi, sıravisi, generalı qəhrəman adına layiqdir. Mən də onların-çiyin çiyinə vuruşduğum igid döyüş dostlarımın, tədbirli komandirlərimizin sayəsində bu ada layiq bilinənlərdən biriyəm. Bu adın həm şərəfini, həm məsuliyyətini igid, qorxmaz, vətənpərvər həmyerlilərimlə bölüşürəm.

Qaldı ki sevinməyimə, açığı, həmin an qəhər məni boğdu, içimdə itirdiyimiz silah yoldaşlarıma görə məni bürüyən kədərlə, böyük Zəfərimizdən doğan sevinc bir-birinə qarışdı.

-Üç övladınız var, Allah qorusun. Onların hərbçi olmağını istəyərdinizmi?

-Çətin sualdır. Bu illər ərzində yəqin etdim ki, hərbçinin təkcə özü Vətən keşikçisi sayılmır. Onun valideynləri, həyat yoldaşı, övladları… da səninlə birgə nəfəs alır, həyəcan keçirir, çətinlikləri dəf edirlər. Fəxri adımdan ən böyük qürur payı məni ərsəyə çatdıran, ürəklərinin yağını əridən valideynlərimə-atam Güləmmədlə anam Şəkifə xanıma, müəyyən qismi mənimlə hər əziyyəti bölüşən həyat yoldaşım, üç övladımın anası Gülnarə xanıma düşür.

Hüseyn və Uğur adlı iki oğlum, Nuridə adında bir qızım var. Onların peşə seçimini öz ixtiyarlarına buraxacağam. Təki Vətənə, millətə, dövlətə layiq övladlar kimi sülh, əmin-amanlıq şəraitində yaşasınlar.

-Sağ ol, Renat, sənə, ailənə möhkəm sansağlığı çətin və şərəfli peşəndə uğurlar arzulayırıq. Cün o gün olsun, doğma Balaqusarda-həyətinizdə söhbətləşək-general Renat Şıxnəbiyevlə!

-Minnətdaram, “Qusar” vasitəsilə bütün həmyerlilərimə salam göndərir, ən xoş arzularımı yetirirəm.

Söhbətləşdi: Babacan Zəkiyev