Qardaş və bacı Vətənin müdafiəsində

Qardaş. Hərbi forma geyinən hər kəs fərdi- doğma oğulluqdan el oğluna çevrilir. Belə bir müqəddəs peşə, amal, əqidə sahibləri ölkənin çətin sınaqdan çıxmasında qan tökdü, can qoydu, can aldı. Mənfur düşmənə dəmir yumruqla cavab verənlərdən biri də Vüqar oldu.

Vüqar erkən yaşlarında məhəllə uşaqları ilə “dava” oyunlarında həmişə “döyüşlərə” rəhbərlik edərdi. “Qarabala” ləqəbli komandir həm əmrləri, həm də taktiki səriştəsi ilə digərlərindən fərqlənirdi. Bəlkə də, həmin xüsusiyyətləri idi ki, həqiqi hərbi xidmətini başa vuran “komutan” hərbi qulluğunu tamam yox, davam etdiməyi qərara almışdı. Əyninə kip biçilmiş hərbi formanin gözəlliyi   bacısı Günəşə də müsbət mənada sirayət etməsində əsaslı rol oynamışdı…

Nəhayət, Vüqar da Vətən müharibəsində özünü göstərmək, Vətənin çətin günlərində, sınaq dönəmində yardımçı olmaq fürsəti tapdı. Şuşa uğrunda gedən döyüşlərdə həlledici güc sahibi olan  xüsusi təyinatlıların heyətində vuruşan igidimiz hələ də işğaldan azad olunan ərazilərin keşiyində-xidmətdədir.

Halallığı hər şeydən üstün tutan Şakir və Ritanın ailəsində böyüyüb tərbiyə almış Günəş və Vüqar Əlimovlarla təkcə  ailə və yaxınları deyil, habelə bütün Çiləgir sakinləri, onları tanıyan hər kəs fəxr edir.

“Aslanın erkəyi- dişisi olmaz” deyiblər babalarımız. Aslanlıq etməyə də savaş meydanı lazım. Vətənin ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinə qalxmaq aslanlarımıza- mərd oğul- qızlarımıza hünər yeri olmadımı?  O da müasir hərb tarixində az-az  rast gəlinən olay-bacı və qardaşın yenilməz ordu sıralarında, hərbi formada Vətən uğrunda savaşı ola.

Bacı.Neçə illərdir ki, Günəş və Vüqar Əlimovlar mülki paltarı hərbi forma ilə əvəz etmişdilər. Günəş Bakıdakı 1 saylı tibb texnikumunun məzunu kimi 5 ildən artıqdır ki, “N”saylı hərbi hissədə ixtisası üzrə tibb bacısı kimi xidmətdədir. Məlahətli səsi, şirin ləhcəsi, mehriban, qayğıkeş xasiyyəti ilə əsgər və zabitlərimizə sözün həqiqi mənasında bacı olmuşdur.

Qismət elə gətirdi ki, iki uşaq anasına Vətən müharibəsində iştirak etmək, topun, tankın, raketin canlı hədəfə atəşini izləmək, yaralıları döyüş meydanında ölümün caynağından çıxarmaq…, öz həyatını hər an itirmək təhlükəsi ilə üzləşmək, yaralılara hərbi palatada yox, elə səngərdəcə ilkin tibbi yardım göstərmək kimi  şücaət nəsib oldu.

Günəşin özünü dinləyək: “İkinci Qarabağ savaşının ilk günündə Vətənin müdafiəsinə yollanmalı oldum. Döyüş yolum Füzuli uğrunda qızğın döyüşlərdə başladı. Hər gün işdən sonra evə-ailəmin yanına qayıtmağa vərdiş etmişdim. İndi isə tamamilə başqa-qorxulu nağıllar aləminə düşmüşdüm. Hər dəfə yaralı hərbçi görəndə qonşu rayonda başqa cəbhəgə döyüşən xüsusi təyinatlı qardaşımı göz önünə gətirirdim. Bütün yaralıları qardaşım bilirdim.  Düşünürdüm ki, yaralansa, qardaşım Vüqara da başqa bir bacısı yardım göstərəcək. Bir quşun iki qanadı kimi olan əkiz oğlanlarımı bir an da unuda bilmirdim. Göz və qaş arasındaki ölümlə üzləşib “şəhid olacağım halda vəziyyətləri necə olacaq” fikirləri bir an da məni rahat buraxmırdı. Amma, vəzifə borcumu da layiqincə yerinə yetirməyə borcluydum. Axı, burada yaralı və köməyə ehtiyacı olan qardaşlarım bir deyil, iki deyil…,onlarla idi. Bir nəfəri həyata qaytarmaq, bir-neçə ailəyə xoşbəxtlik hədiyyəsidir.”

Allah ürəyincə versin, Günəş!  Adın kimi, özün də insanlara həyat, şəfa, hərarət, mərhəmət verirsən.

Səngərdə qəhrəman  mənim bacımdır,

Namus, qeyrətim, mənim  baş tacımdır.      

Asiman TAHİROV