O da bir döyüşçüdür

Dünyada minlərcə peşə, sənət var. Başa vurduğumuz 2020-ci ilin qəhrəmanları isə sözün əsl mənasında həkimlər və hərbçilər oldular. Hər iki peşənin sahibləri düşmənlə mübarizə apardı: biri gözəgörünməz, digəri isə görünən düşmənlə.

Bu yazıda isə humanist peşə olan həkimlik sənətinə yiyələnmiş həmyerlimiz Aida Əlistanova haqqında söhbət açmaq istəyirəm.

Aida Şair qızı Əlistanova  rayonumuzun Yasaboba kəndində müəllim ailəsində anadan olub. 2012-ci ildə kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirib. Məktəb illərindən səliqəsi, nümunəvi tərbiyəsi və savadı ilə seçilən Aida hələ kiçik yaşlarından həkim olmaq arzusunda idi. Düşünürdü ki, sağlamlığın keşiyində durmaq hər şeydən dəyərlidir. Necə deyərlər, can sağlamlığı olmayan insanın milyardı olsa, həyatı yarım yaşayır.

Aylar, illər elə nağıllarda olduğu kimi bir göz qırpınında ötdü. 2014-cü ildə Yuxarı Zeyxur kənd tam orta məktəbinin məzunu oldu, həmin il yüksək balla Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazandı.

Universitet həyatı boyu gecəsini gündüzünə qataraq oxudu, çalışdı, dəfələrlə tələbə elmi konfranslarına, müsabiqələrə qatıldı, diplom və sertifikatlara layiq görüldü.

Aida ATU-nu fərqlənmə diplomu ilə bitirdi. Beləliklə, uşaq vaxtlarından ürəyində bəslədiyi arzusunu reallaşdırdı.

2020-ci ildə keçirilən rezidentura imtahanında ən yüksək nəticə göstərib mümkün olan 100 baldan 83 bal toplayan həmyerlimizə bacarığına görə iş də təklif olundu. Hazırda o, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında həkim-infeksionist vəzifəsində çalışır.

Aida Əlistanova koronavirusa qarşı mübarizəyə könüllü olaraq qoşulub.

Həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. Aida həkim hesab edir ki, indiki çətin, bütün bəşəriyyətin pandemiyaya qarşı mübarizəni ciddi şəkildə davam etdiyi dövrdə ölkəmizin savadlı və peşəkar infeksionistlərə, epidemioloqlara  böyük ehtiyacı var:

-İnsanları gözəgörünməz düşmənin həmlələrindən xilas etmək şərəfli olduğu qədər məsuliyyətli, riskli işdir,-deyir həkim-infeksionist-bu mübarizəyə hamı qoşulmalıdır. Hətta bir nəfərin məsuliyyətsiz əməli, laqeydliyi böyük bir kollektivin zəhmətini heçə endirə bilər. Yəni loğmanların fəaliyyəti ilə bərabar təşkilatçılıq tədbirləri, nizam-intizam möhkəmləndirilməli, insanlar təmizliyi, gigiyena qaydalarını gözləməyi yaşam tərzinə çevirməyi bacarmalıdırlar.

Aida həkimə müqəddəs və şərəfli peşəsində uğurlar, daim uca zirvələr fəth etməyi arzulayırıq.

Pərvin Şahbazova