Suvacallı qardaşlar

ŞAMO. Pirsaatov Şamo Münbər oğlu 1988-ci il oktyabrın 2-də Qusar rayonu Suvacal kəndində anadan olub. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətənə, hərb işinə olan sevgisi onu yenidən xidmətə qaytarıb. Şamo 2015-ci ilin yanvar ayından müddətdən artıq hərbi xidmət qulluqçu kimi Silahlı Qüvvələr sıralarında xidmət edir. Həmyerlimiz Vətən müharibəsi başlıyan ilk gündən döyüşlərə qatılıb. Bir neçə dəfə yaralanmasına baxmayaraq, döyüş sahəsini tərk etməyib. 44 günlük müharibənin 42-ci günü Şuşa istiqamətində düşmənin atdığı ağır artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəlpə yarası almasa da, zərbə dalğası nəticəsində baş və bel nahiyəsindən ağır xəsarətlərə məruz qalıb.

EMİN. Münbər kişinin kiçik oğlu Emin 1990-cı il aprelin 4-də dünyaya gəlib. Qardaşı Şamodan fərqli olaraq o, mükəmməl hərbi təhsil almağı, nesə deyərlər, general olmağı qarşıya məqsəd qoyub. 2007-ci ildə orta təhsilini başa vuraraq Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2011-2012-ci ildə təhsilini Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində davam etdirmişdir. 2012-2018-ci illərdə ön cəbhədə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2016-ci ilin aprel döyüşlərinin iştirakçısı olan Emin Vətən müharibəsinin ilk saatlarından silaha sarılmışdır. Döyüşlərin 13- cü günü düşmənin ağır artilleriya atəşi nəticəsində hər iki ayağından və sağ qolundan ağır qəlpə yaraları alan kapitan Pirsaatov bir müddət müalicə olunmuş, bədənindəki 10 qəlpənin 7-si çıxarıldıqdan sonra səbhəyə dönmüşdür. 3 qəlpəni hələ də ayaqlarında gəzdirən qəhrəman zabit dövlət başçısının sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.

EŞQİN. 1996-cı il noyabrın 14-də anadan olan Misrixanov Eşqin Ümidvar oğlu 2011-ci ildə Suvacal kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2014 cü ildə liseyi müvəffəqiyyətlə başa vurub təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə davam etdirmişdir. 2018-ci ildə məktəbi ən qabaqcıl sıralarda bitirən eloğlumuz Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələrində leytenant rütbəsində xidmətə başlamışdır. 27 sentyabrda başlayan ll Qarabağ müharibəsində yaxından iştirak etmiş və döyüşlərdə göstərdiyi şücaətə görə Müdafiə Naziri tərəfindən vaxtından əvvəl baş leytenant hərbi rütbəsi verilmişdir. Baş leytenant Misrixanov ölkə başçısının sərəncamı ilə Döyüşdə fərqlənməyə görə , Şuşanın azad olunmasına görə medalları ilə təltif ilə təltif olunmuşdur.

ALMAS. Yanvarın 24-də 21 yaşını qeyd edən Almas da eynilə qardaşının yolu ilə addımlayıb. 2014 cu ilin avgustunda 8-ci sinifi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. 2017- ci ildə oranı başa vurduqdan sonra Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olub. Amma o, leytenant çinini səngərdə alıb. 4-cü kursdan döyüşlərə qatılan Almasa leytenant rütbəsi Müdafiə nazirinin əmri ilə döyuş bölgəsində verilib.

TOFİQ. Ümidvar kişinin otancıl oğlu, 1998-ci il təvəllüddü Tofiq isə qardaşlarından fərqli olaraq mülki ixtisasa iyələnməyi qərara alıb. 2016-cı ildə Suvacal kənd əsas məktəbini bitirərək yüksək balla Gəncə Aqrar Universitetinin Yerüstü torpaq və şəhər kadastrı fakültəsinə qəbul olunub. 2020-ci ildə əscgəri xidmətə çağırılan Tofiq Goranboy rayonundakı hərbi hissələrin birində xidmət edirdi. 44 günlük müharibə zamanı Tərtər və Ağdam rayonları uğrunda qızğın döyüşlərdə iştirak edən Tofiq indi hərbi xidmətini Suqovuşanda davam etdirir.

Onu da qeyd etməyi vacib bilirik ki, Pirsaatov və Misrixanov qardaşları dayıoğlu bibioğludurlar. Rəşadətli ordumuzun sıralarında qələbəyə pay qatmış onlarla suvacallı əsgər və zabit xidmət edir.

Çingiz