İqtisadiyyatımızın prioritet sahəsi

“Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki, Azərbaycan əhalisinin demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır.”                                                             İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunur.

Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ümummilli lider iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bəyan etdi və şəxsən özünün  rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmasını həyata keçirdi. 1995-ci ildə “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 40-dan çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı.

Aqrar islahatın əsas nəticəsi olaraq kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunmuş, kənddə sahibkarlar təbəqəsi yaranmış, kiçik və orta sahibkarlığın inkişafına şərait yaxşılaşmış, aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənmiş, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artmış, iqtisadi tənəzzülün qarşısı alınmış, istehsalın dinamik inkişafına zəmin yaranmış, istehsalın mərkəzdən planlı idarə edilməsi özünüidarə ilə əvəz edilmiş və s.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonumuzda aqrar islahatlar aparıldı. Torpaqların 44.995 hektarı dövlət mülkiyyətində saxlanıldı, 45.960 hektarı bələdiyyə mülkiyyətinə, 51.709 hektarı isə  pay almaq hüququ olan 57.200 nəfəri birləşdirən 17.561 ailənin xüsusi mülkiyyətinə verildi.

Müstəqilliyimizin ötən illəri ərzində rayonda kənd təsərrüfatının bütün qolları üzrə dinamik artım, yüksəliş müşahidə olunur. Təkcə 2013-cü ilin məhsulu üçün əkilmiş 34026 hektar dənli bitkilər sahəsindən 65188 ton məhsul əldə edilmişdir. 1927 hektar sahədən 17165 ton kartof, 974 hektar sahədən 15205 ton tərəvəz, 230 hektar sahədən 608 ton qarğıdalı məhsulu və 5364 ton meyvə yığılmışdır.

Hesabat dövründə rayonda keçən ilin eyni dövrü ilə müqayisədə 84.4 ton çox ət, 387.7 ton çox süd, 33 min ədəd çox yumurta istehsal olunmuş, təsərrüfatlarda 499 baş iribuynuzlu artmışdır.

Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə soyuducu anbarların tikintisi davam etdirilir. Yeni Həyat, Ləgərqışlaq kəndlərində, Samur qəsəbəsində soyuducu anbarlar tikilib istifadəyə verilmişdir. Bundan əlavə “Aqrolizinq”in xətti ilə tikilmiş bir ədəd soyuducu anbar da fəaliyyətdədir.

Respublika prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq rayonda süni mayalanma işinin təşkili və inkişaf etdirilməsi üçün geniş iş aparılır. 2013-cü ilin 9 ayında 2380 mal üçün süni mayalanma aparılmış və 1449 baş sağlam bala alınmışdır.

Dövlət başçımız cənab İlham Əliyev aqrar bölmənin inkişafına ardıcıl diqqət və qayğı göstərir. Onun “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli sərəncamları, digər qəbul etdiyi sənədləri, regionlardakı görüşləri zamanı aqrar bölməyə aid göstərişləri və tapşırıqları bu diqqət və qayğının parlaq təzahürüdür.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq güzəştli qaydada 515,4 ton mineral gübrə verilmiş, 2013-cü ildə buğda məhsulu əkilmiş 21746,6 hektar sahəyə görə 6179 istehsalçıya 869,9 min manat vəsait ödənilmiş, əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə isə kənd təsərrüfatı məhsulları istehsalçılarına 39657,9 hektar sahəyə görə 1586,3 min manat vəsait hesablanmışdır. Həmin vəsaitin də yaxın günlərdə ödənilməsinə başlanılacaqdır.

Əlamətdar təqvim münasibətilə kənd zəhmətkeşlərini ürəkdən təbrik edir, hamının süfrəsinə bol-bol ruzi-bərəkət arzulayırıq.

Şahvar ƏZİZOV,

RİH aqrar məsələlər şöbəsinin  

 baş məsləhətçisi