Ramil Balabəyov

Dünən şəhid oldu mənim şagirdim
Mən də hamı kimi ağladım, yandım.
Bir anlıq geriyə qayıtdı illər,
Baxıb bir nöqtəyə xeyli dayandım.

Bu misralar bütün şəhidlərə həsr olunur. Bizim kəndimizin şəhidi  Ramil Ruslan oğlu Balabəyov 2001-ci il fevralın 21-də Köhnə Xudat kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsil aldığı illərdə özünü ictimai tədbirlərdə, dərs prosesində fəal  şagird kimi göstərmişdir. Xoşrəftarlı və səmimi bir oğlan olan Ramil öz həmyaşıdlarının, həm də kənd camaatının hörmətini qazanmışdı.

Ramil Balabəyov aşağı siniflərdən hərbçi olmaq arzusunu heç kəsdən gizlətmirdi. Lakin o, zabit olmaq arzusunu gerçəkləşdirməyə macal tapmadı. Vətən torpaqlarının 20 faizinin düşmən tərəfindən işğal olması ilə heç cür barışa bilməyən yeniyetmə əsgərliyə çağırış vərəqəsini alanda tərəddüd etmədən həmyaşıdlarına qoşuldu.

Bu, 2019-cu ilin aprel ayı-yaz çağırışı dövrü idi. Ramil əsgəri həyata, yeni həyat tərzinə tez alışdı. Qısa müddət ərzində özünü hər cəhətdən hazırlıqlı döyüşçü kimi göstərə bildi.

Valideynləri ilə telefon söhbətlərindən yəqin edirdik ki, məzunumuz hərbi xidmətdə də nümunəvi, nizamlı əsgər kimi ad çıxarıb. Komandirləri ondan çox razı idilər.

Həmyerlimiz cəbhə bölgəsində-Tərtər rayonunda  xidmət edirdi. Müharibə başlayan gündən düşmənlə üz-üzə, cəsarətlə vuruşurdu.  Amma qələbəyədək yaşamadı,  okyabrın 1-də Tərtər-Fizuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tüş gələrək şəhid oldu.

Onun şəhidlik xəbəri bütün kənd camaatını sarsıtdı.

Ramilin şəhidlik xəbərini alan atası Ruslan kişi  bir anlığa kövrəlsə də, qürurunu sındırmadı: “-O, mənim, kəndin, elimizin başımı ucaltdı. Ölümü ilə ən yüksək, şəhidlik zirvəsinə qalxdı, təki Vətən yaşasın”- dedi.

Şəhidlər ölmürlər. İllər, qərinələr keçəcək, adi, sıravi insanlar unudulacaq, Ramil, eləcə də cənnət yolunun yolçuları olan bütün şəhidlər tariximizdə daim yaşayacaqlar. Onlara Allahdan rəhmət, doğmalarına səbr, qazilərimizə şəfa diləyirik.

Nizami Ağayev