Elnur Pirseyidov

Ölkəmizin torpaqları 30-illik işğaldan azad edildi. Bu qələbəyə görə xalqımız Ali Baş Komandan başda olmaqla müzəffər ordumuza, birinci növbədə, arzuları yarımçıq qalan, bu dünyadan nakam köçən ŞƏHİDLƏRimizə borcluyuq…

İkinci  Vətən savaşında həlak olan 2783 şəhiddən biridir  Elnur Nasir oğlu Pirseyidov …1993-cü il noyabrın 25-də Avaran kəndində qulluqçu ailəsində dünyaya göz açdı. Gənc ailənin ilkiydi Elnur. Ailədə də iki qardaşdılar. Valideynləri Elnuru gələcəkdə həkim görmək istəyirdilər. Amma yeniyetmə xəyalında peşəsini çoxdan seçmişdi. Hələ məktəb yaşlarından məhəllə uşaqları ilə dava-dava oynadığı vaxtlardan. Nədənsə onun komandası həmişə qalib gələrdi. Yoldaşları ona “sən əsl komandirsən”-dediklərində gizlində də olsa qürrələnərdi. İmkan tapıb boş vaxtı olanda Qusarda yerləşən hərbi hissənin ətrafına dolanmağı sevərdi. İçəridən gələn səsləri diqqətlə dinləyər, gələcək barədə xəyallar qurardı.

2011-ci ildə orta məktəbi bitirdi, bir il sonra həqiqi hərbi xidmətə getdi.

2013-cü ildə xidmətini başa vurub doğma kəndinə qayıdan Elnur qərarını valideynlərinə bildirdi. Bakıda hərbçilərin  təlim tədris mərkəzində kurs keçərək gizir kimi Naxçıvana xidmətə yollandı. Culfada keçən hazırlıq, təcrübə sayılacaq 6 illik xidmətdən sonra imtahan verərək Xüsusi Təyinatlı Qüvvələrə keçdi. 2020-ci ilin iyununda öz arzusu ilə  xidmətini Tərtərdə davam etdirdi.

2018-ci ildə ailə həyatı qurmuşdu. Müharibə başlayanda həyat yoldaşını körpə qızıyla arxaya, valideynlərinin yanına göndərdi.

Oktyabrın 5-də evlə son telefon bağlantısı oldu… Suqovuşan  uğrunda gedən döyüşlərdə həlak oldu. 2 ay ərzində ailəsi heç bir xəbər ala bilmədi…noyabrın 15-i qızı Nərgizin 1 yaşı tamam oldu…

Yaşasaydı noyabrın 25-i özünün də 27 yaşını qeyd edəcəkdi… Məkanın cənnət olsun, nurlar içində yat, ŞƏHİDİM!

Xatirə Nağıbəyova