İlyas Niftəliyev

Bədirqala kənd ümumi orta məktəbinin məzunu, leytenant  İlyas Güloğlan oğlu Niftəliyev 1999-cu il aprelin 12-də anadan olmuşdur.

O, 2014-cü ildə 9-cu sinfi bitirmişdir. Bütün fənlərə-xüsusən coğrafiya və fiziki tərbiyəyə dərindən maraq göstərən İlyas nümunəvi davranışı ilə müəllimlərin sevimlisi olmuşdur.  Coğrafiya fənnindən olimpiadaların məktəb və rayon turlarında 1-ci yeri tutan İlyas tam orta təhsilini Balaqusar kənd tam orta məktəbində “4” və “5” qiymətlərlə başa vurmuşdur.

Müəllimləri onu coğrafiya müəllimi kimi görmək istəyirdilər. Lakin o, hərb sahəsini seçdi. 2016-cı ildə Hərbi Akademiyaya daxil olur, 2020-ci il iyul ayında akademiyanı bitirib xidmətə yollanır.

İlyasın hərbçi olmaq arzusu məktəb və ailədə aldığı tərbiyədən irəli gəlib. Babası- Sədrəddin Baloğlan oğlu Niftəliyev  1941-1945-ci illərin Vətən müharibəsinin iştirakçısı olmuşdur. II Dünya Müharibəsinin sonuna kimi döyüşərək qələbəni Almaniyanın Berlin şəhərində qeyd etmişdir.

Atası-Güloğlan Sədrəddin oğlu Niftəliyev I Qarabağ Müharibəsinin iştirakçısıdır. 4 il həmin döyüşlərdə iştirak etmiş Güloğlanın torpaqlarımızın itirilməsindən doğan qəlb narahatlığı, cəbhə acıları oğluna da sirayət etmişdi.

Babasının, atasının mərdliyi, qorxmazlığı, vətənpərvərliyi  İlyasın hərbçi kimi xüsusi təyinatlı kəşfiyyatı seçməsində böyük rolu olmuşdur.

Qələbə gününü görmək, Zəfər Paradında addımlamaq gənc leytenanta nəsib olmadı. O,  qısa,  lakin mənalı və şərəfli ömür yaşayaraq uca, şəhidlik zirvəsinə ucaldı.

Şəhid Niftəliyev İlyas Güloğlan oğlunun ailəsinə və yaxın qohumlarına müəllim kollektivi adından dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun!

Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Şəhidlər əbədi olaraq  bizim qəlbimizdə yaşayacaq.

Qürbət İlyasov