İki gəncin tale nağılı

Torpaqlarımızı yağı düşməndən azad etmək uğrunda gedən, xalqımızın, ordumuzun böyük zəfəri ilə başa çatan Vətən müharibəsindən bir aydan çox müddət keçib. Aylar illər, qərinələr ötsə də, bu    savaş, bu qələbə, onu canları-qanları bahasına əldə edən igid övladlarımız, şəhidlərimiz unudulmayacaq.

Azərbaycanın igid oğul və qızları Vətənin çağırışına, haqq işimiz uğrundakı Vətən harayına dinindən, milli mənsubiyyətindən asılı  olmayaraq elliklə hay verdilər.

Şəhidlər haqqında yazıları həyəcansız oxumaq, televiziya ekranlarında göstərilən süjetləri sakit izləmək olmur. Hə qədər ağrılı-acılı  talelər, faciələr, ailə dramları…

Sizi bilmirəm, mən bu talelər,    ailələr, övladlar, onların ağrıları arasında eynilik, yaxınlıq görürəm. Təkcə övlad itirib həmdərd olduqları üçün yox! Şəhidlərin əksəriyyəti  imkansız ailələrin övladlarıdırlar, müddətdən artıq hərbi qulluğa ərizə yazaraq, cəbhəyə könüllü gediblər, aralarında bir nəfər də fərari,    qorxaq…olmayıb.

Sizə oxşar taleli iki şəhid balamız haqqında  danışmaq istəyirəm.   Unudulmaz şairimiz Nüsrət Kəsəmənli bu misraları elə bil özünün deyil, Orxanla Turalın qısa ömür yollarına baxıb yazıb:

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib kecdi sazaqlar.
Atalıydı, analıydı usaqlar,
Bizim evdə biri vardı, biri yox.

Tural İzətulla oğlu Əhmədov 2001-ci ilin iyununda Mucuq kəndində doğulub. Özünün 10, kiçik qardaşı Vüsalın 8 yaşı olanda ataları İzətulla kişi böyrək çatışmazlığından dünyasını dəyişib.

Qardaşların böyüyüb ərsəyə çatmasında baba və nənələrinin, bütün çətinliklərə sinə gərən anaları Elza xanımın rolu böyük olub. Dördüncü sinfi Mucuqda-babasının yanında bitirən Tural ailə təsərrüfatının yerləşdiyi Mucuqpalasaya-anasına köməyə gedir. Yeniyetmə təhsilini təsərrüfatdan xeyli uzaqdakı Quxuroba məktəbində davam etdirir. Hər bir işdə anasına kömək etməklə bərabər, Quba Peşə Liseyinə qəbul olunur, avtoçilingərlik ixtisasına yiyələnir.

Uşaqlıqdan ata qayğısına, nəvazişinə həsrət qalan bu işgüzar, qayğıkeş yeniyetmə anasına, kiçik qardaşına onun yoxluğunu unutdurmağa çalışırdı. Bir müddətdən sonra qardaşı Vüsalı da Qubaya-təhsil aldığı liseyə apardı, peşə təhsili almağı üçün çalışdı.

2019-cu ilin yayında ordu sıralarına çağırılan Tural, zəhmətə alışdığından, daim idmanla, güləşlə məşğul olduğundan fiziki cəhətdən olduqca möhkəm idi.

Əsgəri xidmətinin 14-cü ayında başlanan müharibə minlərlə şəhid övladımız kimi Turalın arzularını da yarımçıq qoydu. O, oktyabrın 22-də arzularının, ömrünün bulaq kimi çağladığı dövründə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Tural doğma Mucuqda, atasının uyuduğu qəbristanlıqda torpağa tapşırıldı.

Orxan Roman oğlu Əlimuradov silahlı qüvvələrimizin sıralarında xidmət keçən iyirmidən artıq ukurludan biridir. Ailədə bir bacı, iki qardaş olan Orxannın böyük qardaşı Cəmil, yeznəsi Robert də hərbçidirlər. Hər ikisi müharibənin ilk saatlarından Qələbəyədək igidliklə vuruşmuş, bir neçə dəfə yaralanmaqlarına baxmayaraq, müalicələrini alayarımçıq qoyaraq cəbhəyə qayıtmışdır.

1993-cü ilin yanvarında dünyaya göz açan Orxan anası Teyfiyatı itirdikdən sonra çox xiffət çəkdi. Amma iradəcə, fiziki cəhətdən güclü olan Orxan həyatın çətinlikləri qarşısında əyilmədi, sınmadı.

Onun həm sinif rəhbəri, həm tarix müəllimi olmuşam. Məktəbimizin kollektivi, kəndin insanları yeniyetməyə maddi, mənəvi dəstək göstərdilər. 9-cunu Ukurda, 11-cini Həzrədə bitirdi, əsgəri xidmətini başa vurdu, evin tikintisini başa çatdırdı, ailə qurdu, övlad atası oldu. Yadigarı Amidin indi 5 yaşı var.

Orxan hərbi bölükdə olduqca cəsur, qorxmaz döyüşçü kimi ad çıxarıbmış. Qələbədən sonra qısamüddətli tətilə kəndə qayıdan döyüş yodaşlarının dediklərinə görə Orxan oktyabrın 5-də Cəbrayılın azad olunması zamanı, yaralı əsgərlərini xilas edərkən şəhid olub. İki silaşdaşını təhlükəsiz səngərə gətirən eloğlumuz növbəti cəhddə özü ölümün pəncəsindən qurtula bilməyib.

Yola düşməzdən qabaq dostlarına “mən şəhid olmağa gedirəm”-deyən Orxan doğma kənddə dəfn edildi.

Allah dünyadan nakam köçən bütün balalarımıza rəhmət eləsin, qoy ruhları şad olsun!

Tahirə Kazımova