Ayrılmaz, əbədi dostlar

Torpaq su ilə qarışında palçıq, qanla qarışında Vətən olar… Vətən torpağına qan tökmək isə hər kişinin yox, nər kişilərin hünəridir. Belə qəhrəmanlıq və rəşadət göstərmək missiyası da Azərbaycan övladlarına 27 sentyabr-10 noyabr zaman kəsiyində verildi. Günəşli Azərbaycanın üstünü qara bulud kimi almaq istəyən erməni təcavüzünü dəf etmək üçün vətənpərvər xalqımız bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi. Onlar kimlər idi?

Rayonumuzun gözəl guşələrindən olan Urva kəndindən həqiqi hərbi xidmətə çağırılmış Cumart Şixrəhim oğlu Əlimuradov, Mayıl Kamran oğlu Kürəbəyov, Vadim Ağababa oğlu Ələsgərov, İkraməddin Qüdrət oğlu Arazov… və minlərlə Azərbaycan oğlu və qızı.

Haqqında danışacağımız bu dörd həmyerli, məktəb və sinif yoldaşları uşaqlıqdan dostluq edər, məktəb tədbirlərinə birgə qatılar, kəndin mənzərəli örüş sahələrində qoyun-quzuları da birgə otarardılar. Tale onları bir-birindən ayırmaq istəmirdi. Odur ki, hərbi xidmətə də birlikdə yola düşdülər.

Kişilik məktəbinə yola düşən dostlar əllərində avtomat tutacaqlarını, tanka minəcəklərini, topdan atəş açacaqlarını bilirdilər. Hətta müharibəyə düşəcəklərini, yağı düşmənlə üz-üzə gələcəklərini də göz altına almışdılar.  Bu da onların tale kitabına yazıldı. Elə yazıldı ki, onların adları, həyat tarixçəsi gələcək nəsillərə əbədi qaldı.

Bu igidlər-bığ yeri yenicə tərləmiş gənclər isti ev çarpayısını müharibənin soyuq səngərinə dəyişməli oldular. Səhərlər analarının “dur, a bala”-sözlərinin əvəzinə top, raket, mərmi səsi eşitdilər. Onlar artıq Vətən müharibəsi iştirakçısı, döyüşçülər idilər! Dörd dost Vətənin ərazi bütövlüyü uğrunda mərdliklə vuruşdu-düşmən qanını tökdü, canını aldı. Onlar şəhərləri, kəndləri, müqəddəs torpaqları yağıdan təmizlədilər. İgidlərimizin ayaq izlərinin qaldığı bölgələrdə Azərbaycanın üçrəngli bayrağının dalğalanmasında pay sahibi olbular. Onları mərdliklə döyüşməyə məcbur edən də Vətənin müqəddəsliyi, vətənpərvərlik hissləri idi…

Nə təəssüf ki, onlar Ordumuzun, xalqımızın Zəfər çaldığı günü görə  bilmədilər.

 

Şəhidlik zirvəsinin fatehləri olan gənclərimiz öz ömürlərindən kəsib həmvətənlərinə verdilər ki, onların əvəzinə də yaşasınlar, qurub yaratsınlar. Əbədiyyətə qovuşmuş dostlar özləri doğma evlərinə, ailələrinə qayıtmadılar ki, illər boyu evindən-eşiyindən uzaq düşmüş köçkünlərimiz evlərinə, yurdlarına qayıtsınlar.

Hər biri bir imkansız, kasıb ailənin övladları olsa da, Azərbaycanın mənən zəngin övladları oldular. Onların zənginliyi, var-dövləti Vətənə, torpağa, insanlara sevgisi, rəğbəti, məhəbbətidir.

Sağlıqlarında dostluqları, xeyirxah əməlləri, tərbiyəliliyi, zəhmətsevərliyi, ailələrinə, ətraflarına sevgisi ilə ad qazanan Mayıl, Cumart, Vadim və İkraməddin şəhadətə qovuşmaqla öz adlarına, ailələrinə,  Vətənə fəxarətlə qürur verdilər. Nümunəvi övladları ilə fəxr edən analar şəhid anaları kimi daha yaxın həmfikir, həmdərd, həmqürur rəfiqəyə çevrildilər.

Uşaqları ən çox nənələri sevirlər. Minəgül nənə də deyir ki, Cumartı bütün nəvələrimdən çox sevirdim. İndi daha çox sevirəm. Onu ətəyimdə böyütmüşəm. O da adını daşıdığı babası kimi dövlət mundiri geyib. Babası Cumart polis orqanlarında işləyib.

Köksündə həyat eşqi dolu gənclərin yoxluğu tək ailələrinin yox, hər birimizin köksünü göynədir.  Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Qürur duyduğumuz Şəhidlərin ünvanına nə qədər, nə cür ülvi sözlər desək də yenə azdır. Axı, onlar Şəhidlik  zirvəsindədirlər. O zirvə ki, onu qan-can bahasına fəth etmək olar.

Əzizinəm, nə dərdim,
Çiçək dərdim, gül dərdim,
Torpağım azad oldu,
Nə kədərim, nə dərdim.

Ravid Tahirov