“Mən şəhid olacağam” demişdi

Dünyaya əyilməzlik, şücaət, mərdlik dolu səlnaməsi ilə iz qoyan ikinci Qarabağ savaşında Azərbaycanın hər bir bölgəsindən olan igidlər tarixə öz adlarını yazdılar. Qusar igidləri İkinci Qarabağ savaşında da özünəməxsus şücaət göstərərək bir daha Vətənin bölünməzliyini sübut etdilər.

Rayonun hər bir kəndi kimi, Həsənqala da Vətənin çağırışına səs verdi. 1150 nəfər əhalisi olan kənddən iyirmidən artıq gənc bu döyüşlərdə iştirak etmişdir. Belə igidlərimizdən biri də İsmayılov Orxan Qədim oğlu idi. Orxan öz şəhadəti ilə artıq bir ailənin yox, bütün qalib Azərbaycan xalqının qüruruna çevrildi.

Orxan ilk dəfə 2016-cı ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Lələtəpə yüksəkliyinin azad olunmasında iştirak etmişdi. MAXE kimi çalışdığı Qusarda yerləşən hərbi hissənin zabitlərinin də rəğbətini qazanan Orxan İsmayılov bir hərbçi olaraq sanki yenidən bir çağırış gözləyirdi. Belə də oldu.  Bədnam qonşularımızın sentyabrın sonlarından başlayaraq təxribatçı hərəkətləri ordumuzun əks hücumu ilə nəticələndi. Orxan da müqəddəs saydığı Vətənin çağırışına səs verdi.

Ən ağır döyüşlərin keçdiyi, mənfurların böyük istehkamlar qurduğu Füzuli rayonu uğrunda gedən döyüşlərdə fədakarlıq göstərdi. Yenicə doğulmuş, bircə gün bir anlığa üzünü gördüyü oğul övladının da sanki Allahın ona şəhidlik öncəsi bir sovqatı olduğunu anlamışdı. Və buna görə də həyat yoldaşı ilə vidalaşarkən “Mən şəhid olacağam”-demişdi. Vətən ağırlığında olan şəhidlik adının ona qismət olacağını anlamışdı Orxan.

Sonuncu dəfə oktyabrın 2-də atası ilə telefonda da danışmışdı. Qədim kişi Orxannın halını soruşduqda yüksək əhvalda olduğunu, yerli əhalinin əsgərlərə qarşı hörmətindən danışmışdı.

Orxan hələ aprel döyüşlərində BTR komandiri kimi müxtəlif vaxtlarda təltiflərə də layiq görülmüşdü. 30 yaşı yenicə tamam olmuş Orxanın ən böyük arzusu Qarabağın düşmən tapdağından azad olunması idi. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə düşmən şok yaşadı. Dünyaya car çəkdiyi “yenilməz ordu” mifi darmadağın oldu.

Oktyabrın 4-də ağır döyüşlərin birində Orxan İsmayılov qəhrəmancasına şəhid oldu. Bu gün şəhid atası kimi Qədim kişinin yeganə təsəllisi azad olunmuş müqəddəs Qarabağımız və Orxanın bir anlığa üzünü gördüyü oğul yadigarı Seyiddir.

Orxan nurlu siması, təbəssümü ilə sinif yoldaşlarının, dostlarının xatirəsində hər zaman gənc, cəsur, igid olaraq yaşayacaq.

Babacan Zəkiyev