Elmarın oğlu Elvin

Canında vətənpərvərlik hissləri coşub-daşan, Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməyə hazır minlərdən biri Çiləgir kəndindən Elvin Elmar oğlu Qurbanovidi. Elvin həmin o Elmarın oğludur ki, 1993-cü ildə birinci Qarabağ savaşının qızğın vaxtlarında, bölgələrimizin ard-ardınca düşmən əlinə keçdiyi vaxtlarda, orta məktəbi bitirməmiş, 16 yaşlı yeniyetmə ikən kənddən səfərbərliyə çağırılmışların sırasında cəbhəyə yollanmışdı. Ancaq üç ay on yeddi gündən sonra azyaşlı olduğu üzə çıxmış, evə yola salınmışdı.

Vətən sevgisini hər şeydən üstün tutan Elmar iki oğlunuda eyni ruhda tərbiyə edib böyütmüşdü. Böyük oğlu Elnur doğma vətəndən uzaqlarda yaşasada, torpaqları qorumaq yüzlərlə, minlərlə gənc kimi Elvinində öhdəsinədüşdü. Səfərbərliyin ilk günündən cəbhəyə yola düşən Elvinin döyüş yolu Cəbrayıldan başlayıb, Zəngilandan keçdi, Ağdamın kəndlərinə gedib çıxdı.

Artilleriyaçı olan Elvin şəhidlik zirvəsinə ucalanda gözünüdə qırpmadı, ölümün üzünə dik durdu, ölümsüzlüyünə imza atdı. Oktyabrın 14-də baş verən ölüm-dirim vuruşları onlarla döyüş yoldaşları kimi gənc, gülərüz, qanışirin, qəlbi xoş arzularla dolu Elvinidə cismani olaraq aramızdan apardı.

Ölüm sevinməsin qoy! Şəhidlərimizin qanı yerdə qalmadı, qisas artıqlamasıyla alındı. Müasir gəncliyin öhdəsinə indi yeni və daha məsuliyyətli missiyalar düşür: qazanılmış qələbəni, eləcədə sərhədlərin toxunulmazlığını qoruyub saxlamaq, dincquruculuq, yaradıcılıq işlərində fəal iştirak etmək. Müqəddəs amallar uğrunda yolumuzda imaçıq olsun! Biz birlikdə güclüyük!

Cavid TAHİROV