Cəsur kəşfiyyatçı

– Yox, Rəsul salamatdır, ola bilər yaralanıb…

Bu xəbər bir gün əvvəl kədər içində olan qayakəndli Qazımətovlar ailəsinin, qohumlarının, tanışlarının qəlblərində bir ümid, inam qığılcımı közərtdi.

Atası Kəmaləddin tələsik cəbhə bölgəsinə yola düşdü. Səkkiz gün Fizuli, Beyləqan, Ağcabədi hospitallarını, morqları axtardı. Ancaq Rəsul haqqında bir xəbər ala bilmədiyindən geri döndü.

Ölümü aldatmaq mümkün olmadı. Rayona qayıdan səhərisi günü isə oğlunun şəhid olduğu xəbərini aldı.

Oktyabrın 21-də 19 yaşlı Rəsul Qazımətov doğma Qayakənd qəbristanlığında əsgəri sayğı ilə torpağa tapşırıldı.

Kəmaləddin kişinin dörd övladından sonuncusu, ərköyünü olan Rəsul 2001-ci ilini yununda dünyaya gözaçmışdı. Şəhər 6 saylı orta məktəbi bitirərək gələcək ömür yolu, peşə seçimi haqqında düşünürdü. Amma əvvəl Vətənin borcunu verməli idi.

18 yaşı tamam olandan bir ay sonra 2019-cu ilin yay çağırışında hərbi xidmətə çağırılmışdı. Müharibə başlananda artıq o,bir il üç ay təlim keçmiş kəşfiyyatçı idi. Cəbhə yoldaşları olan qusarlıların söylədiklərinə görə Rəsul cəsur, qorxmaz döyüşçü olub.

O, Hadrut istiqamətində – qəfil rastlaşdıqları düşmən bölüyü ilə döyüşdə qəhrəmancasına şəhidliyə qovuşub. Əks tərəf sayca üstün olsada, cəmi iki əsgər və iki zabitdən ibarət kəşfiyyat qrupumuz döyüşə girib. İgid həmyerlimiz üç güllə yarası alsada, sona kimi dördüncü və ölümünə səbəb olan yaraya kimi vuruşub.

Döyüş yerinə gələn əsas qüvvələrimiz ərazidə məhv edilmiş onlarla düşmən əsgərinin cəsədlərini görüblər.

Ruhun şad olsun, şəhid balamız!

“QUSAR”