Vicdanla, qürurla yaşanan ömür

Rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Rayonumuzun dəyərli ziyalısı, əqidəli vətəndaşı Beytulla İsaq oğlu Qaçabəyov  ömrünün 86-cı ilində vəfat etmişdir.

1934-cü il sentyabrın 14-də Əcəxür kəndində dünyaya göz açan Beytulla İsaq oğlu Qaçabəyov kənd yeddiillik məktəbini bitirdikdən sonra Qusar şəhər 1 saylı orta məktəbində orta təhsil alıb. Tarixçi olmaq amalı ilə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan gənc bu ali təhsil ocağını 1957-ci ildə bitirərək arzusuna qovuşub.

Əmək fəaliyyətinə Piral kənd orta məktəbində müəllimliklə başlayan gənc mütəxəssis qısa vaxtda özünü bilikli, bacarıqlı, peşəsinə yaradıcılıqla yanaşan təhsil işçisi kimi göstərə bilib. 1959-1965-ci illərdə internat məktəbində çalışdığı illərdə kollektivdə dərin hörmət qazanıb, burada təlim və tərbiyə alan şagirdlərin sevimlisinə çevrilib. Taleyin xoş təsadüfü ilə 40 ildən sonra bu təhsil və təlim ocağının 40 illik yubileyini keçirmək də onun qismətinə düşür.

1964-cü ildə Beytulla Qaçabəyov gənc, perspektivli mütəxəssis kimi partiya işinə irəli çəkilib. 1968-70-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1971-ci ildə o vaxtın idarəçilik ənənələrinə uyğun olaraq o, rayon kooperativlər idarəsinə-yəni ticarət müəssisəsinə rəhbər göndərilib və sərasər 13 il burada çalışıb.

1984-cü ildə yenidən təhsil sisteminə dönən Beytulla müəllim rayon təhsil şöbəsində inspektor, təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədri, təqaüdə çıxanadək şəhər internat məktəbinin direktoru vəzifələrində çalışıb.

Əmək veteranı müstəqil Azərbaycan müəllimlərinin ilk qurultayının, YAP birinci qurultayının nümayəndəsi olub, səmərəli fəaliyyətinə görə dəfələrlə təltif edilib.

Saf əqidəsi, intuisiyası, yüksək təhsili və mədəniyyəti, hadisələri düzgün dəyərləndirmək bacarığı ona mətin irəliləməyə, qürurlu bir ömür yaşamağa imkan verib. Onun 1992-ci il mayın 4-də o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işləyən Heydər Əliyevə məktubla müraciət etməyi bütün ölkədə əks-səda doğurmuşdu.

Beytulla müəllim həyatda, ailədə də demokratik, gələcəyə ümidli, inamlı insan idi. O, heç vaxt, heç kəsin arxasınca danışmaz, gileylənməz, narazılıq etməzdi. El arasında deyildiyi kimi “ağır oturub batman gələn”, milli ənənlərin daşıyıcısı olan ağsaqqal ömür-gün yoldaşı Aybikə xanımla qurduğu ailədə 3 oğul, 2 qız  pərvazlandırmış,  12 nəvənin, 2 nəticənin babası olmaq səadətinə qovuşmuşdu.

Beytulla Qaçabəyovun nurlu xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Qusar rayon veteranlar və ağsaqqallar şuralarının, təhsil şöbəsinin,
ATİAHİ rayon komitəsinin kollektivləri