DOĞMALARA, DOSTLARA TƏSƏLLİ OLAN XATİRƏ TOPLUSU

“Azərbaycan” nəşriyyatı mənalı ömrü və xeyirxah əməlləri ilə həyatda iz qoymuş, doğma elin hörmətini qazanmış, yaxşı övlad və qeyrətli vətəndaş kimi gənclərə örnək olmuş, 29 yaşında faciəli surətdə dünyadan köçmüş Aydın Rauf oğlu Məmmədzadənin xatirəsini əbədiləşdirən “Aydın yaddaşlarda” adlı toplunu çapdan buraxmışdır. Toplu mərhumun atası, el ağsaqqalı, tanınmış ziyalı Rauf müəllimin, anası Mayisə xanımın, onların övladlarının, qohumlarının və Aydının dostlarının arzusu ilə nəşr olunmuşdur.

Toplunun tərtibçisi və redaktoru yazıçı-jurnalist Müzəffər Məlikməmmədovdur.

Doğmalarına, dostlarına, onu tanıyanlara təsəlli olan, dərin məzmunu və nəfis təribatı ilə seçilən kitab haqqında ölkənin tanınmış ziyalılarının rəylərıni sizə təqdim edirik.

 


Çox hörmət etdiyim el ağsaqqalı Rauf Məmmədzadə və onun ailəsi barədə müşahidələrimin nəticəsi kimi bu fikirlərimi yazıram.

Mən Rauf müəllimlə son illər, ailə üzvləri Mayisə xanım, böyük oğulları Elçin və kiçik oğulları Aydınla isə daha sonra tanış olmuşdum və bir şey diqqətimi çəkmişdi ki, Məmmədzadələr çox gözəl, mehriban və ailə dəyərlərini qoruyan ailədir.

Aydınla həyatda iki dəfə görüşüm olmuşdu. Sezdiyim o idi ki, onda həyat eşqi qaynayır, arzuları aşıb-daşır, həyata yeni atılmış gənc olaraq çoxlu planları, fikirləri vardı. Atası Rauf müəllimin, anası Mayisə xanımın da sonbeşik olan oğlu Aydınla bağlı olduqca böyük arzuları, planları vardı.

Lakin qəfil faciəli ölüm Aydını ürəyindəki arzularıla birgə həyatdan apardı, arzuları ruhu ilə birgə göylərə ucaldı.

Aydınla üçüncü və son görüşüm isə çox təəssüf ki, doğma kəndi Xüreldə, son mənzilə yola salınanda oldu.

Aydın arzularıla birlikdə göylərə uçaldı, lakin valideynlərinin Aydınla bağlı arzuları ürəklərdə qaldı…

Rauf müəllim Aydının artıq həyatda yoxluğu ilə barışa bilmir, Aydınla bağlı həyata keçməmiş arzuları ona heç rahatlıq vermir, ürək yanğısı onu daim narahat edir.

Ürək ağrısını söndürmək, yaxud azaltmaq, fikrini dağıtmaq məqsədilə Rauf müəllim Aydının dəfn olunduğu doğma kəndində onun xatirəsinə yadigar olaraq Allah evinin-gözəl bir məscidin tikintisini üzərinə götürür və başa çatdırır, bununla da bir müddət sakitlik, təsəlli tapır.

Yaşı 78-i haqlamış el ağsaqqalı Rauf müəllim həyat yoldaşı Mayisə xanımla ahıl yaşlarında yaz-yay-payız mövsümlərini Qusarın Xürel kəndində doğma evlərində keçirir, Aydının qəbrini tez-tez ziyarət etməklə təskinlik tapırlar. Soyuq qış aylarında onlar Bakıdakı evlərinə köçsələr də, bu bir neçə ay onlara çox uzun gəlir, həyatlarında bir boşluq yaşayırdılar.

«Samur» qəzetinin son nömrəsində Aydına həsr olunmuş kitabın çap olunduğu barədə oxudum.

Böyük oğlu Elçin mənə bu günlərdə çox hörmətli Müzəffər müəllimin tərtib etdiyi və Aydına həsr olunmuş  «Aydın yaddaşlarda» adlı xatirələr kitabçasını bağışladı.

Kitabı səhifə-səhifə vərəqlədim, oxudum. Kitabda Aydının doğulduğu vaxtdan həyatının sonunadək keçdiyi qısa ömür yolu, ailə üzvlərinin, yaxınlarının, sinif yoldaşlarının, müəllimlərinin, dostlarının, həmyerlilərinin, ailə dostlarının xatirələri və fikirləri, xatirəsinə həsr olunmuş şerlər dolğun əks olunmuşdur.

Bu yazılardan Aydının uşaqcanlı, dostcanlı, qohumcanlı və mehriban, təbiətsevər olmasını, ata yurdu doğma Xürel kəndini, Qusar rayonunu, başı qarlı Şahdağı çox sevdiyini, yaşıdları içində lider və təşkilatçı kimi seçildiyini, Şahdağ kimi ucalmaq arzularını bir daha özüm üçün kəşf etdim. Belə bir insanın həyatdan belə tez köçməsinə heyfslənir və Allahdan ona rəhmət və cənnət-məkan olmağını diləyirəm.

Məhz üzərində Aydının şəkli həkk olunmuş bu xatirə kitabı Rauf müəllimin ailəsinin, yaxınlarının, dostlarının, ailə dostlarının həyatlarında Aydının yoxluğu ilə yaşanan boşluğu doldura birlən bir xatirə kitabı olacaqdır.

R.S. Mən ürəyimdə, beynimdə öz doğma ləzgi dilimdə düşündüyüm bu qısa fikirləri ləzgi dilində yaza bilərdim. Lakin bu fikirlərimi yazının ləzgi dilini bilməyən şəxslərin qarşısına çıxa bilmə ehtimalı ilə azərbaycan dilində yazdım.

Natiq ƏLİYEV,
Qidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi MMC-nin direktoru, Əməkdar mühəndis

 


Əziz dostum Rauf! «Aydın yaddaşlarda» kitabını 18 martda Bəxtiyardan aldım. İki və bəzi yerləri üç dəfə oxudum. Sözlə təsvir etmək çətindir.

Kitabda deyildiyi kimi:»Qoy sevinməsin vaxtsız ölüm-Aydın əzizlərinin, Ata və Ana, qardaş və bacılarının qəlbində yaşayır və yaşayacaqdır.

Qoy sevinməsin vaxtsız ölüm- Aydın-islam əxlaqlı, insani keyfiyyətlərə (rəhmlik, mərhəmətlik) sevən dostlarının qəldində daim yaşayacaqdır.

Qoy sevinməsin vaxtsız ölüm- Aydın Atasının tikdirdiyi «Allah evində» – «Aydın məscidində» əbədiləşib».

Məsləhət edirəm:mərmər üzərində kitabın üz cildində təsvir olunmuş lövhə məqbərədə asılsın.

 

Həyatda Sizi, yüksək insani keyfiyyətlərə malik, yeganə şəxsiyyət kimi tanıyan
Balamirzə HƏMİDOV, Əməkdar müəllim

 


Bu, yəni 2020-ci il fevralın 26-da dostum Rauf Məmmədzadənin faciəli surətdə həlak olmuş oğlu Aydının xatirəsinə həsr edilmiş «Aydın yaddaşlarda» kitabının təqdimatı keçirilirdi. Xatirə məclisində qohumları və oğlunun dostları ilə yanaşı xeyli ziyalı iştirak edirdi.

Xatirə kitabının tərtibçisi və redaktoru, tanınmış jurnalist Müzəffər Məlikməmmədov mərhumun valideynlərinin dərdinə şərik olduğunu bildirərək, Aydının ömür yolu barədə yazılmış məqalələr, ona həsr olunmuş şeirlər, həyatını əks etdirən fotoşəkillərin insanın ürəyinə nə qədər təsir etdiyini toplaşanlara elə çatdırdı ki, onların keçirdikləri kövrək hissləri gözlərindən oxumaq olurdu. Həqiqətən də belə anlarda valideynlərin vəziyyətini təsəvvür etmək olduqca çətindir. Buna baxmayaraq, Rauf müəllim özünü ələ alıb titrək səsi ilə kitabın tərtibçisinə və oğlu barədə xatirə yazanlara, eləcə də mərasimin bütün iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Mən Rauf Məmmədzadəni 30 ilə yaxındır ki, tanıyıram. Sonradan bilmişəm ki, iki il bundan əvvəl rəhmətə getmiş qardaşım Həsənağa ilə Qusar şəhər 1 saylı orta məktəbində eyni sinifdə oxuyublar. Qardaşımın ilinə çap etdirdiyimiz kitabda Rauf müəllimin də yazısı yer alıb. Mən o məqaləni oxuyanda bu tanınmış inşaatçı-mühəndisin qələmi məni valeh etdi.

«Aydın yaddaşlarda» kitabını mən kövrələ-kövrələ oxudum. Bir daha gənc, subay övladını itirən atanın xatirələrini oxuyanda onun qələminin gücünü gördüm.

Allah oğlunuza qəni-qəni rəhmət eləsin, Rauf qardaşım. Sizə, həyat yoldaşınıza və övladlarınıza bir daha dərin hüznlə başsağlığı verirəm. Allah səbr versin! Qismət olsa, yayda doğma kəndiniz Xürelə gəlib Aydın balamızın qəbrini və böyük xeyirxah iş görüb tikdirdiyiniz məscidi ziyarət edəcəyəm.

Bu kitab dünyadan nakam köçmüş gənc haqqında poetik dastandır.

Allah heç kimə övlad dərdi göstərməsin!

 

Məmmədağa SƏRDAROV,
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 


«Aydın yaddaşlarda» xatirə kitabını oxuyanda mənim fikrimə valideyn-övlad münasibətinin əbədiliyi düşür. Valideyn üçün ən ağrılı dərd balasını itirməkdir, bu dərdə dözmək və yaşamaq çox çətindir. Allah Aydına rəhmət eləsin, ruhu şad olsun, ata anasına bizi yaradan Allahdan səbir diləyirəm.

Mən Rauf müəllimi cavan yaşlarımdan tanıyıram, onun alicənablığı, insani xasiyyətləri, səmimiyyəti və səbirliyi məni heyran edib. Belə xasiyyətə malik, cavan ikən ağsaqqal statusuna yiyilənən dostun dərdinə hamılıqla şərik olmuşuq.

Rauf müəllimin doğulduğu və böyüdüyü kəndə, Qusar rayonunun təbiət gözəlliklərinə vurğunluğu onun oğlu rəhmətlik Aydını da təbiət vurğunu etmişdir.

Rəhmətlik kəndini sevdiyi kimi Azərbaycan Respublikasının digər bölgələrini də gəzmək və gözəllikləri görmək arzusunda olub.Tələbəlik illərimdə yaşlı bir müəllimimizin sözləri yadıma düşür.Deyərdi ki, ay balalar, sizlərə bir məsləhət verim: əvvəl məhlənizi, kəndinizi, rayonunuzu, sonra yaşadığınız ölkənin ərazisini gəzin, onu öyrənin və ən axırda xarici ölkələrə gedin. Bu sözlərin Aydının da xasiyyətinə uyğun olduğunu düşünürəm və həyatda, seçdiyi inkişaf yolunda arzusunun nakam olduğuna heyifsilənirəm.

Aydını uşaqlıqdan tanıyırdım və son vaxtlar atasının yolunun davamçısı olmaq, Rauf müəllimin rəhbərlik və idarəçilik təcrübəsini öyrənmək məqsədi ilə onun yanında işləməsi və həyatın incəliklərini öyrənmək arzusu onun həqiqətən yaxşı övlad olduğunun sübutudur.

Aydının xatirəsini əbədiləşdirmək naminə Rauf müəllimin gördüyü işləri yüksək qiymətləndidirəm və bir daha ona Allahdan səbir diləyərək, Aydına Allah rəhmət eləsin deyirəm. Qoy onun xatirəsi həm qohum- əqrəbasının, həm yaxın dostlarının, eləcə də onu tanıyan bütün insanların yaddaşlarında əbədi olaraq qalsın.

Hörmətlə, İmran RZAYEV,
 «Samur» Ləzgi Milli Mədəni Mərkəzi» İctimai Birliyinin sədri 

 


Çox hörmətli tələbə yoldaşım, Rauf müəllim! Əvvəla sənin kədərinə şərik olmağımı bildirirəm. Nə etməli, Allah vermişdi o da aldı. Şair Nəriman Həsənzadə deyir:

Ömür dediyimiz uzun ya qısa
Dostum bir sözümü sən saxla yadda:
Bəlkə də nə qədər xatırlanırsa,
O qədər yaşayır insan həyatda…

Aydan haqda yazılan kitabı oxuduqca onun bu qısa ömür yolunda nə qədər xeyirxah işlər gördüyünün, dost qazandığının, valideyn hörməti saxladığının şahidi olursan.

Əziz dostum və qardaşım, sən də görmüsən atasızlığı deyə yazıram. Həmin vaxtda o, od-alovun içində olub, Vətəni, eli, obanı, ailəni qorumaq üçün vuruşub. Bəlkə də onlar bir yerdə olub elə 1942-ci ildə qəhrəmancasına həlak olublar?

Mənim atam 1916-cı ildə anadan olub, 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, 1942-ci ildə qara kağızı (yəni ölüm xəbəri) gəlmişdi. O vaxt onun 26 yaşı var idi. Rəhmətlik anam onun ölümü haqda kağızı biz görməyək, ürəyimiz xarab olar deyə, bizdən gizlətmişdi. Sonralar da yəni bizim ağlımız kəsəndə də o kağızı tapa bilmədik…

Nəhayət, çox axtardıqdan sonra 1986-cı ildə onun Krımda, Lenin rayonu Huqovoye kəndində qardaşlıq qəiristanlığında dəfn olduğunu bildik. Nə etməli, mənim kimi əzizlərini itirən az deyildi. O cümlədən sən də.

Qardaş, Aydının ölüm xəbərini mən gec bilmişdim. Odur ki, onun dəfnində iştirak etməmişəm. Amma çox düzgün edib onu öz kəndinizdə, dlğma torpağa tapşırmısan. Yenə hər dəfə kəndə gedəndə, sən və Mayisə xanım gedib onu ziyarət edirsiniz. Buna da şükür.

Şair Musa Yaqub yazır:

Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil bir də qayıtsın.
Öləndə qoynunda qoy yatım ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.

Allah cəmi ölənlərə rəhmət eləsin, qalanlara isə cansağlığı versin.

Hörmətlə,  Mobil QASIMOV,
tələbə yoldaşın və ailəvi dostun