Musiqi ilə yaşayan və yaşadan

Musiqi bütün insanların eyni dildə danışdığı yeganə vasitədir. Paytaxtda, əslən aşağıləgərli Əbdülhəlim kişinin ailəsində dünyaya göz açan balaca Sədaqəti də belə xoşbəxtlikdən məhrum etmədilər. Onu Bakıdakı 17 saylı musiqi məktəbinin skripka sinfinə qoydular. Amma bir müddətdən sonra musiqinin Sədaqətdən ötrü adi hobbi olmadığı üzə çıxdı. Skripkanın dühası hesab olunan Nikkolo Paqanini deyirdi: “Mən musiqi ilə yaşayıram. Bütün hiss etdiklərimi-duyğularımı, arzularımı musiqiyə köçürürəm”. Sədaqət üçün də musiqi, skripka həyatın ayrılmaz atributuna çevrilmişdi.
Əvvəl Asəf Zeynallı adına Musiqi Məktəbini, sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən Sədaqət xanım pedaqoji fəaliyyətinə Lənkəran Şəhər Musiqi Texnikumunda müəllimliklə başladı. Daha sonra Bakıya qayıdaraq 10 ilə yaxın bir müddətdə 22 saylı Musiqi Məktəbində skripka ixtisası üzrə müəllim, orkestr şöbəsinin müdiri vəzifəsində çalışdı.
Tale ona ata yurduna dönmək, qusarlı yeniyetmələrdə bu ecazkar musiqi alətinə həvəs oyatmaq, onları dörd simin tilsiminə salmaq missiyasını hazırlamışdı.1993-cü ildə ailəsi ilə Qusara köçən Sədaqət Səfərova 5 il Aşağı Ləgər məktəbində nəğmə müəllimi işlədi. 1998-ci ildə isə Qusar Rayon Uşaq İncəsənət Məktəbinə ixtisası üzrə müəllim qəbul olundu.
Sədaqət xanımın kollektivə gəlişi məktəbin yaradıcılıq atmosferinə yeni nəfəs, işgüzar ab-hava gətirdi. Tezliklə skripka kimi ecazkar alətin həvəskarları artdı, təcrübəli müəllimin yetirmələri müxtəlif yarış və müsabiqələrə qatılaraq yüksək nəticələrə imza atmağa başladı. Sədaqət xanım sevimli müəllimlərinə olan məhəbbəti bu peşəyə yiyələnməklə sübuta yetirən Kifayət Mehdiyeva və Əlfiyyə Rüstəmovanın, respublika müsabiqəsinin laureatı adını qazanan Aytən Müslümovanın, Bakı Musiqi Akademiyasının son kursunda təhsil alan Şalbuz Əhmədovun uğurları, sadəcə öz övladlarına musiqi duyumu aşılayan yüzlərlə keçmiş şagirdinin xoşbəxt ailəsi ilə öyünür, qürurlanır.
Sədaqət Səfərova özü də mehriban bir ailənin xanımı, iki oğul anası, üç nəvənin sevimli nənəsidir. Cəmiyyətimizə, Vətənimizə layiqli vətəndaş, gərəkli peşəkar kimi böyüdüb tərbiyə etdiyi övladları- Anar və Ayaz ali təhsilli mütəxəssislər, ailə sahibidirlər.
65 illik yubileyini keçirən həmkarımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi diləyirik.

Rayon uşaq incəsənət məktəbinin kollektivi