VƏTƏNİN ÇAĞIRIŞINA SƏS VERƏRƏK

  Türkiyədən çağırılaraq ölkəmizdə REACT-C19 layihəsinini həyata keçirən 19 azərbaycanlı həkimdən biri həmyerlimiz Fidan Sultanovadır.

Artıq bir aya yaxındır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi həyata keçirilir.
Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edir ki, onlardan biri həmyerlimiz Fidan Sultanovadır. Bu qürurverici xəbəri bizə Fidan xanımın babası, qocaman həkim, ağsaqqal ziyalımız Vaqif Abdullayev çatdırdı: -Fidan iki günlüyə evə gəlib,-dedi doktor-hələ tələbə vaxtı haqqında yazmışdınız, indi uzman həkimdir, sizə baş çəkmək istəyir!
“Belə qonağı” kim istəməz? Fidanla vədələşdiyimiz vaxtda görüşərək (təbii rejim qaydalarını gözləməklə) söhbətləşdik.
Fidan Ankaranın Qazi Universitetini infeksiya xəstəlikləri və klinik mikrobiologiya ixtisası üzrə bitirib. O, beşinci ildir ki, rezident kimi çalışır. Vətənin çağırışına birincilər cərgəsində səs verən Fidan artıq ikinci aydır ki, koronovirusla mübarizədə Azərbaycan həkimlərinə köməklik etmək missiyasına qoşulub.
Yaxşısı budur, bunları Fidanın öz dilindən eşidək:
-Layihənin məqsədi COVID-19 xəstələrinin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19 ilə bağlı əsas bacarıqları inkişaf etdirmək, bununla da Azərbaycanda koronavirusla mübarizə sahəsində təcrübəli həkim heyəti formalaşdırmaqdır. Həmkarlarım olan infeksionist, reanimatoloq və pulmonoloqlar Türkiyənin seçilmiş universitetlərində təlimlər keçməklə sözügedən sahələr üzrə praktiki təcrübə əldə etmiş və müvafiq təlimatlar almışlar.
-Missiyanız hansı rayonları əhatə edir?
-Mayın 4-dən hər etibarən hər birinə 4 həkim daxil olan 4 qrup Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başladıq.
Mən Gəncədəki xəstəxanada çalışdım. Əsasən ÜST-ün xəstəxana hazırlıq təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndiməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsinin yüksəldilməsinə, yerli həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başladıq. Həmçinin həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlər keçirdik.
İndi Bakıya qayıtmışıq. Növbəti iki həftəlik tur üçün hazırlıqlara başlamışıq.
-Bəs ev ailə üçün darıxmırsan ki?
-Darıxmıram, desəm, yalan olar. Türkiyədə Azərbaycan, Qusar, burada isə Türkiyə, ailəm, oradakı işim üçün darıxıram. Amma həkimlik sənəti dözüm, fədakarlıq tələb edir. Həyat yoldaşım Əli də həkim-otolorinqoloqdur. O, Hacəttəpə Universitetində cərrah-həkim olaraq çalışır. Vatsap, skaypla danışır, hal-əhval tuturuq.
REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir. Bir Azərbaycan vətəndaşı olaraq belə bir layihənin iştirakçısı olmaqdan qürur duyuram.
-Ölkəmizdə virusla mübarizənin təşkilini necə qiymətləndirirsiniz?
-Yüksək! Dünya ölkələri ilə müqayisədə şikayətlənməyə haqqımız yoxdur. Amma əhalinin müəyyən olunmuş qaydalara və karantin məhdudiyyətlərinə, sadə sanitariya-gigiyena qaydalarına əməl etməməyi təəssüf doğurur.
Fəaliyyətimizi iyunun sonunadək ölkənin müxtəlif bölgələrində davam etdirəcəyik. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və tezliklə müsbət nəticələrini görəcəyik.

Söhbətləşdi: Vidadi