ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN ARTMASININ, AZƏRBAYCANIN QLOBAL SƏYLƏRININ BEYNƏLXALQ İCTIMAİYYƏT TƏRƏFİNDƏN DƏSTƏKLƏNMƏSİNİN PARLAQ NÜMUNƏSİ

Qoşulmama Hərəkatına üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunması BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.

Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.

Qoşulmama Hərəkatının Təmas Qrupu videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Avropa İttifaqının rəsmisinin iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir.

Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.

Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev bütün ölkələri dostluğa, həmrəyliyə və qarşılıqlı dəstəyə dəvət etdi. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

Koronavirusa qarşı ölkəmiz tək milli deyil, regional və qlobal  miqyasda mübarizəyə qoşulub. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Çox əlamətdar bir hadisədir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi məhz koronavirus pandemiyası dövründə belə bir Zirvə görüşü təşkil etdi və bundan tək Azərbaycan deyil, bütün dövlətlər bəhrələnməyə nail olacaq.

Azərbaycanda sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.

Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.