HAKİMİYYƏT ORQANLARININ FƏALİYYƏTİNƏ KÖLGƏ SALAN MƏMURLARIN İFŞASI CƏMİYYƏTİN ÇIRKABDAN TƏMIZLƏNMƏSİ, SAFLAŞMASI, AZƏRBAYCANDA KORRUPSİYAYA QARŞI APARILAN CİDDİ MÜBARIZƏNİN TƏZAHÜRÜDÜR

Artıq iki aydan artıqdır ki, dünya xalqları güclərini yeni növ koronavirusa (COVİD-19) infeksiyası ilə mübarizəyə yönəltmişlər. Ölkəmizdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət strukturları əhalinin sağlamlığının qorunması üçün səfərbər olublar.

Ölkə rəhbərliyi tərəfindən görülən işlər, atılan addımlar Azərbaycan xalqı tərəfindən də müsbət qarşılanır, yüksək qiymətləndirilir. Sadə vətəndaşlar ölkə başçısının ətrafında sıx birləşərək, Prezident İlham Əliyevin çağırışlarına dəstək olur, təşəbbüslərinə qoşulur, həmrəylik nümayiş etdirir, imkanlı iş adamları aztəminatlı ailələrə, ahıl insanlara yardımlar edirlər.

Bu günlərdə əsl lider-xalq birliyinin təcəssümü ilə bərabər, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlərə yol verənlərin, insan sifətli virusların ifşasnın şahidi də olduq.

Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan “məmur”ların aşkarlanması təəssüf doğursa da, cəmiyyətin çirkabdan təmizlənməsi, saflaşması, Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü hesab edilməlidir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş bir sıra yüksək vəzifəli dövlət məmurlarının düşdüyü vəziyyətdən, onların aqibətlərindən nəticə çıxarmayanlar da oldu.

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi  belə bir həssas məqamda xalqın və dövlətin maraqlarını qorumaq yerinə, öz mənafeyi üçün çalışanlar sözsüz ki, cəzasız qala bilməzdilər. Çünki ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.

Əslində, mübarizə tədbirlərinin davamlı olacağı gün kimi aydın idi. Axı, dövlət başçısı xəbərdar etmişdi: “Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”. Lakin dünya malından doymamaq, tamahkarlıq bəzi “məmur”ların gözlərini o qədər tutub ki, gün kimi aydın olan reallığa da kor baxıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyayaqarşıamansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarınıda əhatə edəcəyini açıq bildirmişdir.

Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması isə davam edir.

Bu il mayın 8-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır.

Köhnə təfəkkürə malik, öz tamahını cilovlaya bilməyən, fəaliyyətində  dönüş yaratmağı bacarmayan “məmur”lara qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Bunu Prezident İlham Əliyevin: “Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir”, – fikirləri bir daha təsdiqləyir.