Ruslan Şərafəddin oğlu Qurbanov

Rayon səhiyyəsinə ağır itki üz vermişdir. Bacarıqlı səhiyyə işçisi  Ruslan Şərafəddin oğlu Qurbanov ömrünün 56-cı ilində vəfat etmişdir.

Ruslan Qurbanov  1964-cü il iyunun 1-də Yasab kəndində anadan olmuşdur.

Orta məktəbi bitirib bir il təsərrüfatda işlədikdən sonra ordu sıralarında xidmət etmişdir. Həkim olmaq, insanlara şəfa vermək arzusu ilə 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.

1992-ci ildə institutu bitirib Qusar Mərkəzi Rayon Xəstəxanasında 1 il interna keçmiş, 1993-cü ildən ömrünün sonuna kimi isə bu səhiyyə ocağında həkim-okulist kimi işləmişdir.

Ruslan həkim bir ziyalı, göz həkimi kimi sadə vətəndaşlar,  tibb işçiləri arasında hörmət və nüfuza malik idi.

Mehriban ailə başçısı, qayğıkeş ata olan həmkarımızın iki oğul, bir qız övladı yadigar qaldı.

Ruslan həkimin yoxluğu doğmaları, dostları, həmkarları ilə yanaşı bütün onu tanıyanları, xüsusilə də onun sayəsində şəfa tapanları kədərləndirir.

Həyatının 27 ilindən çoxunu  əhalinin sağlamlığına həsr etmiş  Ruslan  Qurbanovun işıqlı və nurlu xatirəsi hələ uzun illər onu tanıyanların və sevənlərin yaddaşından silinməyəcək.

Allah rəhmət eləsin.

Qusar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi, səhiyyə işçiləri həmkarlar ittifaqının rayon şurası