Müəllimlər müəllimi

 Malik Ataşov-70

Müəllimlik yer üzündə ən müqəddəs və şərəfli peşələrdən biridir. Çünki müəllim hər bir dövlətin başlıca strateji məsələləri ilə  məşğul olur, ölkənin gələcəyi sayılan gənc nəsli cəmiyyət həyatına, ictimai fəaliyyətə hazırlayır. Görkəmli Azərbaycan maarifçisi Sultanməcid Qənizadənin sözləri ilə desək “bağ bağbansız ola bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz”.

Peşəsinə qəlbən bağlanan müəllimlər həmişə şagirdlərin sevimlisi olur, heç vaxt unudulmur  və özlərinin ən gözəl keyfiyyətləri ilə daim şagirdlərin qəlbində yaşayırlar. Belə müəllimlərdən biri də Qusar Peşə Liseyində çalışan, 70 illik yubileyini bu yaxınlarda təntənə ilə qeyd etməyə hazırlaşdığımız Malik Ataşovdur.

Həyatının 47 illik bir dövrünü balalarımızın savadlanması kimi son dərəcə vacib işə- müəllimlik sənətinə həsr etmiş Malik müəllim olduqca şərəfli bir ömür yolu keçmişdir. 70 illik yubileyi ərəfəsində onun tərcümeyi halına birdə nəzər yetirsək, tam əminliklə deyə bilərik ki, qazandığı mükafatlara, eləcədə sevgi və məhəbbətə görə rayonumuzda onunla müqayisə edilə biləcək müəllimlər çox deyil. Onun qəlbində şagird dünyası, qarşılıqlı ünsiyyət, insani hisslər olduqca güclüdür. Təcrübəli pedaqoq hər bir şagirdin iç aləminə nüfuz etməyi, qəlbinə acar tapmağı bacarır.

Qeyd edək ki, hər bir müəllimin özünəməxsus dərs üslubu, metodu, dəst- xətti olur. Bu baxımdan Malik müəllimin dərsləri orijinaldır, canlıdır. O, hərtərəfli biliyə malik, onu şagirdlərə öyrətməyə çalışan və bacaran  müəllimdir.

Malik 1950- ci ildə Cibir kəndində doğulmuş, orta məktəbi Əli-Bayramlı (indiki Şirvan)  şəhərində qurtardıqdan sonra Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinə daxil olaraq 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə  şəhər 3 saylı orta məktəbində ingilis dili müəllimi olaraq başlayan Malik Ataşov 1975-ci ildən etibarən taleyini şəhər internat məktəbinə bağlamış və 1980-ci ildən bəri 40 ilə yaxın bir dövrdə dərs hissə müdiri vəzifəsində çalışmışdır. 2012-ci ilin sonunda internat məktəbi bağlanaraq onun bazasında Qusar Peşə Liseyi yaranır. Amma Malik müəllim dərs hissə müdiri vəzifəsində işləməkdə davam edir.

İnternat məktəbinin 1970-ci illərdə SSRİ Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilməsində Malik müəllimin böyük əməyi olmuşdur. O, dəfələrlə RİHB-nın, RTŞ-nin fəxri fərmanlarına layiq görülmüşdür. Rayonun qabaqçıl təhsil işçilərindən biri kimi Malik müəllim uzun illər RTŞ-nin ingilis dili üzrə metidbirləşməsinin rəhbəri olmuşdur. Malik müəllim Qusar Dövlət Pedoqji kollecində işlədiyi dövrdə yetişdirdiyi yüzlərlə ingilis dili müəllimi və 12 nəfər ali təhsilli müəllimin uğurları ilə qürurlanır. Onun yetirmələrinin sorağı indi xarici ölkələrin təhsil ocaqlarından, səfirliklərindən gəlir.

Malik  müəllim 2009-cu ildə  Dayaq məntəqələrinin rəhbərləri  üçün  təşkil  olunmuş  “Öyrədənlərin öyrədilməsi” proqramı  üzrə üç mərhələli təlim  kursunu bitirmiş  və  ona “Müəllimlərin müəllimi” statusu verilmişdir. Yubilyarımız bacarıqlı və qayğıkeş müəllim kimi kollektivin dərdinə qalan geniş ürək sahibidir, nüfuzlu ziyalıdır, yorulmaz maarif fədaisidir.

Bütün bunlarla bərabər fəxr duyur ki, həyatda ən böyük uğuru həmkarı Rəfiqə xanımla qurduğu xoşbəxt ailə, böyüdüb ərsəyə çatdırdıqları, təhsil verib ailə sahibi etdikləri övladlarıdır. Malik müəllim dörd qız atasıdır. Sevinc,  Bella, Laura  və Samirə. Tibb bacısı olan Sevinc xanımdan başqa qalan qızları valideynlərinin yolunu gedərək müəllimliyə yiyələniblər. Samirə xanım isə bir vaxtlar atasının imtina etdiyi elm yolunu seçib. Həyat yoldaşı ilə ABŞ-da yaşayan Samirə Arizona Universitetinin ingilis və ispan dilləri fakultəsini bitirib, orada tərcüməçi işləyir.

Ömrünün ən mənalı illərini uşaq aləmində-məktəbdə keçirən  müəllimin evinə yeddi nəvə ayaq acıb, onun baba olma şərəfinə qovuşdurub.

Sadə və təvazökar, öz şərəfli peşəsi və həyat yolu ilə çoxlarına örnək vətəndaş, insan sorağı ilə gələcəyə uzanan paklıq yolunun yolçusu olan Malik müəllimə uzun ömür, cansağlığı arzulayırıq. 70 illik yubileyin mübarək, əziz dost, xoşbəxtlik, ailə səadəti nəsibin olsun!

Qusar Peşə Liseyinin kollektivi adından:

 direktor İmaməddin Zəkiyev