Veteranlarla gənclər bir arada

Martın 5-də Qusar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə idarənin akt zalında  5 Mart –Bədən Tərbiyəsi və İdman Gününə  həsr olunmuş tədbir keçirilmişdir.

Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə rayonun idman həyatında fəal iştirak edən veteran idmançılar, perspektivli gənclər, məşqçı müəllimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə idarənin rəisi Emil Əmirmətov açaraq idman gününün tarixi, bu günün əhəmiyyəti, idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat vermiş, rayonda idmana xüsusi diqqət və qayğı göstərildiyini vurğulamışdır. Tədbirdə çıxış edən veteran idmançı, respublikanın Əməkdar məşqçisi Carulla Şinğarov yeniyetmə və gənclərin fiziki sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliğ olunması və  asudə vaxtın səmərəli təşkilində idmanın əvəzsiz rolunun olduğunu qeyd etmiş, respublikada idmanın inkişafı üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdar olduqlarını bildirmiş, bundan sonra da  respublikamızın idman ölkəsi kimi tanınması üçün perspektivli idmançıların yetişdirilməsi məqsədilə əzmlə çalışacaqlarını söyləmişdir. Tədbirdə rayonun idman həyatında fəal iştirak edən bir qrup  müəllim fəxri fərman, 19 nəfər idmançı diplom və hədiyyə ilə mükafatlandırılmışdır.

Sevil Dəmirova