Dövlət Aqrar İnkişaf Mərkəzində suvarma mövsümü ilə bağlı müşavirə keçirilmişdir

Artıq “su həyat mənbəyidir” deyil, “su həyatdır” deyilir. Su qıtlığı yer kürəsində qlobal problemlərdən birinə çevrilib. Son illər ölkəmizdə, rayonumuzda içməli və suvarma suyu ilə bağlı bir sıra layihələr həyata keçirilsə də, problemin köklü şəkildə həll olunduğunu söyləmək olmaz. Problemi doğuran əsas səbəblərdən biri iqlim dəyişikliyidirsə, digər amillər insan faktoru ilə bağlıdır. Belə ki, rayonumuzda, eləcə də qonşu rayonlarda intensiv bağçılığın, tərəvəzçiliyin genişləndirilməsi ilə bağlı suya tələbat kəskin şəkildə artmışdır. İri intensiv bağ massivlərinə malik təsərrüfat sahibləri ilə kiçik fərdi təsərrüfatçılar, kəndlər arasında incikliklər, mübahisələr yaranır.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) qarşıdakı suvarma mövsümü ilə bağlı geniş müşavirə keçirilmişdir.

Rayon suvarma sistemləri idarəsi (SSİ) mütəxəssislərin, su istifadəçiləri birlikləri (SİB) başçılarının, yerli İƏD nümayəndələri və bələdiyyə qurumları rəhbərlərinin dəvət aldıqları müşavirədə çıxış edən DAİM-nin direktoru Elşad Əlimuradov mövsümün uğurla başa çatdırılması, su ehtiyatlarından səmərəli, itkisiz və qənaətlə istifadə olunması, bölgü vaxtı ədalət prinsipinin gözlənilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirmişdir.

Müşavirədə problemin həlli ilə bağlı tədbirlər planının hazırlanması, operativ qərargahın yaradılması qərara alınmışdır.