ÖTƏN İLİN YEKUNLARI VƏ YENİ VƏZİFƏLƏRİ MÜZAKİRƏ OLUNDU

Fevralın 18-də Qusar RİH başçısı yanında şuranın geniş iclası keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, eləcə də fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır.

2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabatı yığıncaq iştirakçılarına  Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov təqdim etmişdir.

Hesabatda rayonda il ərzində həyata keçirilən infrastruktur layihələrin icrası, qazanılmış nailiyyətlər,  sahibkarlığın və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq, quruculuq işləri, yerli və ölkə əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və təmiri, əhalinin qaz, elektrik enerjisi, suvarma və içməli su ilə təminatı, kommunal yaşayış binalarının təmiri və həyətlərin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, təhsil, mədəniyyət sahələrində keçirilən tədbirlər və digər məsələlər genişliklə əks olunmuşdur.

Hesabat yığıncağında çıxış edən Qusar Rayon Suvarma Sistemləri idarəsinin rəisi Məzahir Əzizov, Qusar Su-Kanal idarəsinin rəisi Rizvan Məmmədov, Qusar Elektrik Şəbəkəsinin baş mühəndisi Etibar Hacıqayıbov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov, RİH-nin Düztahir İƏ üzrə nümayəndəsi Rövşən Seyidov və başqaları ötən il kənd aqrar və sosial sahələrdə qazanılan uğurlardan danışmış, cari ilin tapşırıqlarının həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açmış,”Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qusar rayonunda uğurla həyata keçirildiyini qeyd etmişdir.

Şura iclasında onun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət və müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir.