Subsidiyaların verilməsi arıçılığın inkişafına böyük dəstəkdir

  İlqar Asanov Azərbaycan Arıçılar Assosiasiyası Qusar Rayon Şöbəsinin sədridir. Rayon arıçılarını birləşdirən bu qurum arıçıların maarifləndirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi, qabaqcıl təcrübənin tətbiqi, qarşıya çıxan problemlərin həlli və ata-babalarımızın bizlərə miras qoyduğu zəngin arıçılıq ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır. Redaksiyamızın qonağı olan rayonun “ baş arıçısı” qurumun, qusarlı arıçıların qayğıları, uğurları, problemləri haqqında danışmışdır.

-Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq, eyni zamanda, ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılmasına, əhalinin özünüməşğulluğunun təmin olunmasına da çox mühüm təsir göstərir. Arıçılığın inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.

Dövlətin arıçılığa dəstəyinin gücləndirilməsi respublikamızın digər regionları kimi, rayonumuzda da əhalinin bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Son vaxtlar rayonda arıçılıqla məşğul olanların sayı xeyli artıb. Hazırda rayonda 780 ailə təsərrüfatı arıçılıqla məşğul olur. Onların təsərrüfatında olan 15 min 442 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib.

Prezident İlham Əliyevin 2018-ci il martın 5-də imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamdan irəli gələn tədbirlər rayonumuzda da uğurla icra olunur. Belə ki, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən arıçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 150 min manatdan çox subsidiya ödənilib.

Subsidiyaların verilməsi arıçılığın inkişafına böyük dəstəkdir. Bu vəsait təsərrüfatda olan arı ailələrinin mövsümlə əlaqədar bir neçə dəfə dağlıq və aran ərazilərinə köçürülməsinə, arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının alınmasına, həmçinin arı pətəklərinin hazırlanması və yeni arı ailələrinin yetişdirilməsinə sərf olunur.

Ekoloji tarazlığın pozulduğu, bir çox xəstəlik və virusların yayıldığı indiki dövrvdə Azərbaycan, rayon arıçıları beynəlxalq təcrübədən, elmi nailiyyətlərdən yararlanmağa çalışırlar. Artıq bir neçə ildir ki, paytaxtımızda beynəlxalq arıçılıq konfransları keçirilir.

Sonuncu belə tədbir-VI Azərbaycan Beynəlxalq Arıçılıq konfransı yanvarın 25-də keçirildi. Türkiyə, Qazaxıstan, Belarus, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçıların, elm və iş adamlarının iştirak etdikləri konfransdan sonra onun iştirakçıları yerlərdə təlimlər vermiş, master klas proqramları həyata keçirmişlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində qusarlı arıçılar üçün təşkil olunan təlimləri və master klası Belarusiya ET institutunun aparıcı mütəxəssisi Dmitri Rahmatulin, Ukraynadan olan peşəkarlar aparmışlar. Belə bir tədbirin təşkilinə, ümumiyyətlə rayon arıçılarının fəaliyyətinə dəstəyə görə Rayon DAİM-ın direktoru Elşad Əlimuradova təşəkkürümüzü bildiririk.

Arıçılarımızın qarşılaşdıqları iki problemdən də bəhs etmək istəyirəm. Bunların biri istehsal olunan məhsulun reallaşdırılması  ilə bağlıdır. Düzdür, ölkənin paytaxtında hər il “bal yarmarkaları” keçirilir. Amma bu, mövsümü xarakter daşıyır və kifayət qədər alıcını əhatə etmir. Ona görə ölkənin iri şəhərlərində, turizm məkanlarında bal və arıçılıq məhsullarının satışı üzrə xüsusi mağaza və köşklərdən ibarət şəbəkənin yaradılmasına ehtiyac var.

İkinci problem yaylaqlarda pətəklərə ayıların ziyan verməsidir. Yəqin həm pətəklərin yerləşdirilməsinin yeni texnologiyalarını tətbiq etmək, həm də “çağırılmamış qonaqların” geri oturtmaq üçün digər təsirli tədbrlər görmək vacibdir.

Arıçılığın imkan və problemləri kifayət qədərdir. Digər məsələlər haqqında dəyərli oxucularımıza başqa bir yazıda məlumat verəcəyik.