Halal zəhmətlə  qazanılan ruzi-bərəkət, ad-san

Elimizdə ağsaqqalın yeri olduqca mötəbər bir ucalıqdadır. İnsanların bir çətinliyi olanda ağsaqqal yanına getmiş, ondan məsləhət almışlar. Əziz atamız, babamız, əmi və dayımız, dostumuz, doğmamız-İzəddin, ömrün ağsaqqalıq-80 yaşın mübarək!

Səni nəinki doğma Quxurobada, bütün rayonda öz əxlaqı, davranış mədəniyəti, alicənablığı ilə seçilən, zəhmətkeş, ailəcanlı, qonaqpərvər  insan kimi tanıyırlar. Amma bununla belə yubiley ərəfəsində ömür kitabını bir də vərəqləmək, həyat yolunu qısa da olsa gözdən keçirmək istədik.

İzəddin Nəcəf oğlu Tahirov: 1939-cu ilin noyabrında Quxuroba kəndində anadan olmuşdur. 1958-ci ildə Quba şəhərində 10-cu sinfi, 1960-cı ildə  mexanik ixtisası üzrə Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. 1960- 1987-ci illərdə yerli təsərrüfatda gənclər təşkilatının katibi, qaraj müdiri və baş mühəndis, 1987-1994-cü illlərdə  maldarlıq kompleksində baş mühəndis, eyni zamanda həmkarlar ittifaqının sədri, 1994-1999-cu illərdə isə rayonun Gican kəndində təşkil olunmuş kolxozda və birgə təsərrüfatda baş mühəndis vəzifələrində işləmişdir.

İş, iş  və bir də iş! Amma məhz iş, halal zəhmətlə  qazanılan ruzi-bərəkət sənə möhkəm ailə qurmağa, övladlarını böyüdüb pərvazlandırmağa imkan verdi. Hazırda təqaüdçü, Quxuroba Kənd Ağsaqqallar Şurasının sədrisən.  Ailə fotosunu çəkməli olsaydıq, orada 100 nəfərdən artıq insanın surəti əks olunacaqdı. Altı övlad atası, 60-dan çox nəvə-nəticə və kötükcənin (!!!) babasısan!

80 yaşın mübarək, böyüklükdən və üstümüzdən əksik olmayasan. Ailənlə birgə neçə-neçə gözəl yaş günləri keçirəsən, həmişə övladlarının, nəvələrinin şad günlərini görəsən.

Övladların, qohumların, dostların