Ustad ifaçı, sevilən musiqi müəllimi

Müəllimlik həmişə müqqəddəs peşə hesab olunub. Xüsusilə musiqi müəllimi sənətin sirlərini açan, onun nəsildən-nəslə ötürülməsinə yardımçı olan istedadlı şəxs kimi qiymətləndirilib.

Didar Heydərov da “musiqi müəllimi” adını şərəflə daşıyan insanlardandır. 65 illik ömrünün 40 ildən çoxunu müəllimliyə həsr edən sənətçi bütün biliyini, bacarığını, qüvvəsini, vaxtını, diqqətini övladlarımızın estetik tərbiyəsinə, onların musiqi duyumunun və musiqiçilik qabiliyyətinin inkişafına, maariflənməsinə sərf edib.

Didar Sadyar oğlu Heydərov 1955-ci il yanvarın 5-də Piral kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Qusar Şəhər Musiqi Məktəbində, sonra Dərbənd Musiqi Texnikumunda təhsil alaraq qarmonçu ixtisasına yiyələnmişdir.

1977-ci ildən Qusar Şəhər İncəsənət Məktəbində qarmon ixtisası üzrə müəllim kimi çalışır. O, məktəbin illərdən bəri kök salmış ənənələrini, buradakı tədris prosesinin xüsusiyyətlərini çox gözəl duymuş və öz işini də bu ruhda qurmağa nail olmuşdur. Hazırda məktəbdə işləyən müəllimlərdən Elşən Ağabəyov, Qədir Qədirov, Camal Şeydabəyov və Orxan Balayev Didar müəllimin şagirdləri olmuşlar.

Didar müəllim üç övlad -iki oğul bir qız atasıdır. Övladlarını ev-eşik, peşə sahibi edən həmkarımız altı nəvənin sevimli babasıdır.

Qusar rayon mədəniyyət işçiləri həmkarlar təşkilatı və rayon incəsənət məktəbinin kollektivi  Didar müəllimi 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayır.