Halallıqla yaşanan ömürün səhifələri

Adətən yubiley tarixlərində həyat səhifələri vərəqlənir, insanın gördüyü işlər saf-çürük edilir. Mütləq deyil ki, insan böyük titullar qazansın. Əgər onun fəxr etməli işləri varsa, öz əməllərilə cəmiyyətə, ailəsinə xeyir verirsə, deməli, ömrünü hədər yaşamayıb. Dostumuz Tacilla da belə əməli-saleh insanlardandır.

Tacilla Hacıverdi oğlu Hacıverdiyev 1959-cu il dekabrın 24-də İmamqulukənd kəndində dünyaya göz açıb. Atası-tanınmış kənd təsərrüfatı mütəxəssisi, el ağsaqqalı Hacıverdi kişinin halal ocağında böyüyüb tərbiyə alan Tacilla uşaqlıqdan zəhmətə qatlaşmağa öyrəşib.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirərək mühəndis ixtisasına yiyələnən Tacilla 1986-1992-ci illərdə Qubada texniki-peşə məktəbində mühəndis-müəllim, 1992-1997-ci illərdə Qusar Rayon Maddi Texniki Təchizat Mexanikləşdirmə Birliyində aparıcı mühəndis vəzifələrində işləmişdir.

Çalışdığı kollektivlərdə onu sözünün sahibi, vədinə sadiq, tamahdan uzaq insan, bacarıqlı, savadlı mütəxəssis kimi tanıyıblar. Son illər kənddən, kənd təsərrüfatından uzaq düşsə də, Tacilla müəllimin qəlbi yenə kəndlə döyünür, torpaq həsrətini çəkir. Amma kənd oğlu kimi əkin-biçinlə məşğul həmkarlarını unutmur. 2003-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tacilla Hacıverdi oğlunun fəaliyyəti bu sahə də bilavasitə kəndlilərə, fermer və mexanizatorlara qayğı, yardımla əlaqəlidir. O, bəlkə bölgədə kənd təsərrüfatı maşın və mexanizmlərin satışı ilə məşğul olan yeganə sahibkardır.

Nümunəvi ailə başçısı, qayğıkeş ata, mehriban baba olan yubilyarımızı təbrik edir, ona cansağlığı, ailə səadəti, müvəffəqiyyətlər arzulayırıq.

Dostları, həmkarları