Prezident təqaüdünə layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 25 noyabr 2019-cu iltarixli sərəncam imzalamışdır.
Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Prezident təqaüdçüləri arasında həmyerlimiz, professor Sərhəddin Qubaddin oğlu Abdullayev də vardır.
Sərhəddin Abdullayev 1939-cuü ildə Piral kəndində anadan olub. Azərbaycan Dövlət Universitettini fərqlənmə diplomu bitirmiş (1963), bir müddət kənd məktəbində müəllimlik etdikdən sonra Bakıya dönərək nəzəri fizika kafedrasının aspirantı kimi Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcısı Abdulla Muxtarovun rəhbərliyi altında elmi fəaliyyətə başlamışdır.
Sərhəddin Abdullayev 1970-ci ildə Bakı Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şurada fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 1996-cı ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almış, müsabiqə yolu ilə nəzəri fizika kafedrasının professoru vəzifəsinə seçilmişdir.
Onun rəhbərliyi altında 30-dan çox namizədlik və magistr dissertasiyası işi müdafiə edilmiş, 400-dən çox elmi və tədris metodiki əsəri çap olunmuşdur. Alim 150-dən çox elmi əsərin, o cümlədən 30 dərsliyin müəllifidir. Onların içində son illərdə yazılmış və magistraturanın “Yüksək enerjilər fizikası” ixtisası üçün nəzərdə tutulmuş 6 fənn proqramı, 15 müxtəlif dərslik və dərs vəsaiti də vardır.
Bu ilə 80 illik yubileyi qeyd olunan tanınmış alim indi də yorulmaq bilmədən elmi-pedaqoji fəaliyyətini davam etdirir, fizika elmini böyük həvəs və istəklə gənc nəslə öyrədir.
Tanınmış elm xadimini təbrik edir, ona uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.

“QUSAR”