SƏHİYYƏDƏ YENİ DÖVRÜN BAŞLANĞICI

İcbari tibbi sığortanın tətbiqinin faydaları nədir, səhiyyə xidmətində hansı dəyişikliklər gözlənilir?

Xəbər verildiyi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib. İcbari tibbi sığortaya (İTS) keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.

İcbari tibbi sığortanın tətbiq edildiyi birinci mərhələdə 20 regionda, o cümlədən Qusar rayonunda əhali bu xidmətdən yararlanacaq. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

Bəs icbari tibbi sığortanın tətbiqinin faydaları nədir, səhiyyə xidmətində hansı dəyişikliklər gözlənilir? Bu suallara cavabında “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Baş direktoru Mübariz ZEYNALOV əməkdaşımıza demişdir:

-Bəzi insanlar üçün tamamilə yeni olan icbari tibbi sığorta nədir? Sadə dillə desək, bu, daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir.

İcbari tibbi sığortanın tətbiqi nəticəsində artıq səhiyyə müəssisələri sığorta hesabına maliyyələşəcəkdir. Bu xidmətin tətbiqi sayəsində səhiyyə müəssisələri öz pasiyentləri ilə birbaşa “pul” münasibətlərinə girməyəcəklər. Xəstəxana sadəcə, öz xidmətlərini göstərəcək. Bunun da müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmət haqlarını ödəyəcəkdir.

Bu sistemin digər ən böyük effekti odur ki, insanlar istənilən anda pul, maliyyə sıxıntısı çəkmədən müalicə oluna biləcəklər.

Bu gün Azərbaycanda insanlar bir çox hallarda həkimə getməkdən çəkinirlər. Çünki fikirləşirlər ki, yaranan xərcləri necə ödəyəcəklər. Buna görə də xəstələr vəziyyətləri ağırlaşanda həkimə getməyə məcbur olurlar.

Bu qanun icra edildikdən sonra hər kəsin tibbi sığortası olacaq. Bu da ümumilikdə əhalinin sağlamlaşmasına gətirib çıxarır. Əgər insanların səhhətində problemlər yoxdursa, bu, özü ölkənin rifahına gətirib çıxaran amillərdəndir. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modelidir və həmrəyliyə əsaslanan sosial layihədir. Yəni insanlar xəstələnmədiyi halda da müəyyən fondlara vəsait keçirir və onlar cəmlənir. Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə ala bilir. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Sistemdən ən çox faydalananlar isə əhali, başqa sözlə xəstə şəxslər olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək.

Azərbaycanda hazırlanan yeni icbari tibbi sığorta sistemi müxtəlif mənbələrdən maliyyələşdiriləcək. Həmin mənbələr dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri, həmçinin yanacağ, sürtkü materialları, alkoqollu içkilər və tütün məhsullarının satışından müəyyən faizlərlə cəlb olunan ödənişlərin hesabına olacaq. Həmçinin dövlət əhalinin müəyyən təbəqəsinin icbari tibbi sığortasını təmin edəcək. Bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxil olacaq. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığorta edə biləcəklər.

İTS-nin baza zərfinə ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 3000-dən çox xidmət daxildir. Hazırda İTS-a daxil olan xidmətlər isə bunlardır:

Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

İlkin səhiyyə (ailə həkimi) xidməti;

Ambulator şəraitdə müayinə və müalicə;

Stasionar müalicə;

Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);

Fizioterapevtik xidmətlər;

Laborator müayinələr;

Hamiləlik və doğuş xidməti;

Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);

Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);

Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Bir məqamı diqqətə çatdırmaq istəyirəm. Əvvəl qəbul olunmuş qaydalara əsasən işləyən şəxslər, 18 yaşadək uşaqlar, hamilə qadınlar, 23 yaşa qədər tələbələr və digər güzəştli insanlar sığortalı hesab olunacaqdılar. Lakin rəsmi iş yeri və ya əmək müqaviləsi olmayan şəxslər illik 120 manat ödəniş etməklə sığorta olunmalı idilər. Ancaq möhtərəm prezident çox mühüm və humanist bir addımla hər bir kəsə 90 manat olmaqla ölkə əhalisinin 100% sığorta ödənişini dövlət büdcəsi hesabına Agentliyin hesabına köçürdü. Beləliklə, artıq xəstəxanaya müraciət edən vətəndaş limitsiz xidmət almaq hüququ qazanmış oldu. Eyni zamanda əmək haqlarından və işəgötürəndən sığorta haqqının tutulmalarının da 1 aprel tarixindən icra olunmasına qərar verildi.

“Qusar” qəzetinin geniş oxucu şəbəkəsi olduğunu nəzərə alaraq bir neçə məqamı da diqqətə çatdırmaq istərdim.

İlk növbədə xəstəxanada qeydiyyat yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıldığından qeydiyyat nöqtələrinə yaxınlaşarkən xəstədən şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaqdır. Əks halda müraciət qeydə alınmır və xidmət göstərilmir.

Həmçinin vətəndaşlardan xəstəxanadaxili rejim qaydalarına riayət etmək, nəzakətli davranmaq, bir birinə hörmət və ehtiram göstərmək xahiş olunur.

Daha vacib məsələ ictimai nəzarət sistemini hərəkətə gətirməkdir. İndiyə kimi həkim və orta tibb personalı yol verdiyi hər hansı qanunazidd hərəkəti müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırdısa, artıq o bəhanələrə əsas qalmır. Əmək haqqı, tibbi və texniki təminat, həmçinin xəstələrin ərzaq, dərman və qulluq xərcləri yüksək olacaq.

Artıq vətəndaş xəstəyə qulluq edən işçidən tələb edə biləcək və heç bir ödəniş borcu olmayacaq. Bütün xidmətlərin ödənişi Agentlik tərəfindən həyata keçiriləcəkdir.

Belə olan halda ictimai nəzarət güclü olmalı, özləri nöqsana yol verməməli, qarşılaşdıqları nöqsanlara biganə qalmamalıdırlar. Belə olan halda artıq sizin ərzaqla xəstə əzizlərinizin yanına gəlmək məcburiyyətiniz olmayacaq.

Xəstələrin ziyarəti yalnız xəstəxana rəhbərliyinin təyin etdiyi vaxtda, qış vaxtı 17:00-19:00, yay vaxtı 17:00-20:00 arasında, qısamüddətli və əlavə qida, hədiyyə və s. olmadan həyata keçiriləcəkdir.

İndidən nəzərə alın ki, gətirəcəyiniz sovqatlar, hədiyyələr, meyvələr və bu qəbildən olan şeylər təyin olunmuş vaxtdan əlavə qəti surətdə içəri buraxılmır.

Bütün qeyd olunanları anlayışla qarşılayacağınıza əminik. Daha ətraflı məlumatlar yenə də əhali ilə görüşlərdə veriləcək. Onları həmçinin İTSDA rəsmi internet səhifəsindən ( its.gov.az) əldə edə bilərsiniz.