Aran kəndlərinin sakinlərini nələr düşündürür

Qusar RİH-nin başçısı Şair Alxasov Kufoba və Üzdənoba kəndlərində sakinlərlə görüşərək onların təklif və iradlarını dinləmiş, müvafiq tapşırıqlar vermişdir.

Kufoba. Kənd məktəbinin binasında baş tutan görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sakinləri salamlayaraq Prezident İlham Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə ölkədə aparılan sosial, siyasi, struktur və iqtisadi islahatlar, onların mahiyyəti barədə ətraflı məlumat verdi. Rayon rəhbəri vurğuladı ki, kəndlərimizdə  də əhalinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlər diqqət mərkəzində saxlanılır, onların həlli istiqamətində mütəmadi tədbirlər görülür. Həyata keçirilən dövlət siyasətinin mərkəzində ancaq və ancaq vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Sonra vətəndaşları maraqlandıran, narahat edən məsələlər, sual və müraciətlər dinlənilərək müzakirə olunmuşdur.

Çıxış edənlərdən Ramazan Ramazanov yay aylarında suvarma suyunun çatışmazlığı probleminin çözülməsi, Malibəy Gidaliyev istismar müddəti bitmiş elektrik dirəklərinin, təqaüdçü Məlikməmməd Günəşov isə elektrik transformatorun yenisi ilə əvəz edilməsi, İslaməddin Məmmədov  kənddaxili yolların təmir edilməsi barədə müraciətlərini dilləndirmişlər.

Üzdənoba. Bu kənddə də sakinlərin müraciət və təklifləri eyni xarakterli oldu.

Çıxış edən kənd ümumi orta məktəbinin müəllimi Xaliddin Pərvanayev istismar müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi, Fikrət Abdulov yay aylarında suvarma suyu ilə təminatının yaxşılaşdırılması, Vaqif Məhsimov əkin sahələrinə gedən magistral suvarma arxlarını betonlaşdırılmaqla su itkisinin qarşısının alınması, İkraməddin Yarmətov Şirvanlı kəndində bankomatın quraşdırılmasının vacibliyi, Adil Həmzəyev Üzdənoba kəndində sərnişin dayanacağının quraşdırılması barədə təkliflərini diqqətə yönəltdilər.

Səyyar qəbula gələn vətəndaşların müraciətləri icra başçısı Şair Alxasov tərəfindən diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində tədbirlər görülməsi ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.