Azadlıq simvolu, qürur mənbəyi

Bayraq günü möhtəşəm yürüşlə qeyd olundu

 Hər bir ölkə vətəndaşı tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunan, millətin azadlıq rəmzi, vətənin simvolu, qürur və inam yeri olan üçrəngli bayrağımız dövlətimizin ən mühüm atributudur.

Qusarın girəcəyində-şəhərin ən yüksək yerində Dövlət Bayrağı meydanı 2009-cu ildə inşa olunmuşdur. Ərazisi 16 min kvadratmetr olan meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınmış, yerli iqlimə uyğun ağaclar, dekorativ gül kolları əkilmişdir. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır.  Ərazinin meteroloji vəziyyəti nəzərə alınaraq bayraq üçün 12 tonluq dirək ucaldılmışdır. Bayrağın eni 10, uzunluğu 20 metrdir.

Noyabrın 7-də keçirilən yürüşə səhər saatlarında general Mahmud Əbilov adına mərkəzi meydanda start verildi. Yürüşün marşrutu meydandan şəhərin girişində yerləşən Bayraq Meydanına kimi nəzərdə tutulmuşdu.

İdarə, təhsil, mədəniyyət müəssisələrin kollektivləri, rayon ictimaiyyətinin  nümayəndələri iştirak etdikləri yürüşə hərbi orkestrin müşayiətilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərləri də qatılmışlar.

Yürüş iştrakçıları Azərbaycan Respublikasının bayraqları ilə 3 kilometrdən artıq məsafəni piyada qət etmişlər.

Tədbir Bayraq Meydanında davam etdirilmiş, bayram iştirakçıları rayon incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramını izləmişlər.