AZƏRBAYCANIN MLLİ QƏHRƏMANI ÇİNGİZ SALMAN OĞLU QURBANOV

   Çingiz Salman oğlu Qurbanov 1994-cü il noyabrın 24-də Həzrə kəndində anadan olub.  Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirmiş, 2016-cı ildə ali təhsilini başa vuraraq iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır.

Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Cəsur əsgərimizin cəsədi 39 gün düşmənin nəzarəti altında olan döyüş ərazisində qalıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Prezident İlham Əliyev Çingiz Qurbanovun ailə üzvləri ilə görüşmüş, Milli Qəhrəmanın qızıl ulduzunu atasına təqdim edərək demişdir: “Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır.”

Qəhrəmanın adını əbədiləşdirmək üçün Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə onun adı verilib, ailəsi həm paytaxtda, həm Qusar şəhrində mənzillə təmin edilib.

Çingiz Qurbanovun atası Salman Qurban oğlu Qurbanov-METAK firmasında çalışır, anası Nailə Gülbala qızı Qurbanova evdar qadındır. Ailənin kiçik oğlu Beydulla Salman  oğlu Qurbanov ali təhsilini başa vurduqdan sonra DTX- də işləyir.

 

Ramiz QUSARÇAYLI

ÇINGIZ

Milli qəhrəman Çingiz Qurbanovun xatirəsinə

Bir şəhid ruhu da ucaldı göylər,
Bir şəhid boyu da böyüdü torpaq.
İndi də baş-başa verib mələklər
Çingizin adını pıçıldayacaq…

Dolub bulud-bulud süzür bir ana,
Bir ata səsində nəmli sükut var.
Öyünə-öyünə basır bağrına
Qəhrəman oğlunu qəhrəman Qusar…

Şığıyır Şuşadan qisas küləyi,
Hayqırır Murovdan Şah dağınacan.
Dolanır Çingizin cəsur ürəyi
Vətənin son qarış torpağınacan…

Dağ-dağ silkələyib qara layları,
Qonur bayrağımın hər rənginə o.
Oyadıb daşlaşan daş harayları
Qarışır himnimin ahənginə o…

Döyüşlər məktəbə dolacaq indi,
Açıq dərs olacaq yenə Qarabağ.
Hər uşaq qəhrəman olacaq indi,-
Şəklinin altına Çingiz yazacaq…

Bir Eşq də göylərə uçdu beləcə,
Bir Eşq də üzüldü könül barından…
Ağ atlı oğlana dönüb hər gecə
Keçəcək bir qızın yuxularından…

Bu il gül açmağa tələsdi bahar,
Gül açdı Vətənin qışında Çingiz.
Burda hər igidin öz zirvəsi var,
Burda hər zirvənin başında Çingiz!